BAKI, 7 iyun — Sputnik. “Vaxt var idi təhsilə görə qızları, qadınları öldürürdülər. Amma zaman və qadına münasibət dəyişib, müasir texnologiyalar insanların həyatının, fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib”
Bu fikirlərin millət vəkili Asim Mollazadə Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə “Müasir İnformasiya-kommunikasiya Texnologiyalarının Azərbaycan qadınların həyatında rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.
Ölkə qadınlarının inkişafına İKT-nin rolundan danışan millət vəkili deyib: “Azərbaycan qadını İKT-nin ona verdiyi imkanlardan istifadə edərək özünü inkişaf etdirməli, ölkəyə, cəmiyyətə və ailəsinə faydalı olmağa çalışmalıdır”
Təhsilin, ictimai maarifləndirmənin və xarici dilləri mənimsəmənin vacib olduğunu vurğulayan A.Mollazadə, qadınlara orta əsrlərin cəhalətinə qayıtmamağı, müasir dünya ilə ayaqlaşmağa çalışmağı tövsiyə edib.
“Dünyanın ən aparıcı məktəblərinin və universitetlərinin təhsil proqramları, elektron dərslikləri internettə yayınlanır. Xarici dilləri bilməklə, dünyanın müasir təhsil imkanlarına yiyələnmək mümkündür. Ölkədəki təhsilin səviyyəsindən narazı olan, bunu öz inkişafı üçün yetərli saymayan Azərbaycan gəncləri, internetin onlara verdiyi imkandan yararlanmalı, özünü dünyanın ən inkişaf etmiş gəncləri ilə rəqabətə hazırlamalıdır” – deyə DİP sədri əlavə edib.
Sözügedən tədbirdə informasiya texnologiyaları üzrə ekspert Vəfa Vəliyeva İKT-nin Azərbaycan qadınlarının həyatına təsirindən bəhs edib. O, orta məktəbdən başlayaraq insanın bütün həyatı boyu inkişafında İKT-nin rolunu dəyərləndirib. Ölkəmizdə bu sahədəki çağırışlardan, mövcud problemlərdən və çıxış yollarından danışıb.
Ekspert Azərbaycan məktəblərində müəllimlərin İKT-yə önəm vermədiklərini, müasir təhsilə İKT-nin üstünlüklərini tətbiq etmədiklərini bildirib. “Bakı şəhərində, bir sıra rayon məktəblərində elektron lövhələr quraşdırılıb, onlar kompüter və internetlə təchiz edilib. 21-ci əsrin müəllimi hələ də bu üstünlüklərdən deyil, təbaşirdən, əyani vəsait kimi şəkilli stendlərdən istifadə edirsə, biz məktəblərin İKT-yə önəm verməsindən danışa bilmərik. Təəssüf ki, müasir texnologiyaların təhsilə, insan inkişafına tətbiqi bizdə çox ləng gedir” – deyə ekspert bildirib.
Bununla belə V.Vəliyeva qeyd edib ki, son 3 ildə İKT-nin tətbiqi baxımından qonşu Gürcüstan, Ukrayna və Rusiya ilə müqayisədə Azərbaycanda dövlət təhsil sistemi xeyli irəli gedib.
Sonra mövzu ətrafında diskussiyalar olub. Gənclər və xanımlar İKT-nin ölkə qadınlarının həyatına təsiri ilə bağlı fikirlərini bölüşüblər.