BAKI, 7 iyun — Sputnik. Hacıqabul rayonununda baş verən qəzada məşhur meyxanaçılar Pərviz Bülbülə və Rəşad Dağlı xəsarət alıb. P. Bülbülə report-a açıqlamasında, hadisə nəticəsində ayağının sındığını deyib.
"Avtomobil mənimdir, hadisə vaxtı sükan arxasında qaynım oturmuşdu. Birdən idarəetməni itirdi və avtomobil beton dirəyə çırpılıb aşdı. Maşında üç nəfər idik. Rəşad Dağlının sağ qolu sınıb, mənim isə ayağım sınıb. Qaynım yüngül xəsarət alıb", — meyxanaçı bildirib.
Qeyd edək ki, Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhəri, Bülbülə qəsəbə sakini, 31 yaşlı Nicat Hüseynovun idarə etdiyi "Toyota Sequoia" markalı 10 KC 011 dövlət qeydiyyat nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Nəticədə sürücü və avtomobildə olan məşhur meyxanaçılar — Pərviz Bülbülə və Rəşad Dağlı xəsarət alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.