Kremldə hesab edirlər ki, Qazaxıstanla sərhədi möhkəmləndirmək üçün hər hansı səbəb yoxdur. RİA Novosti-nin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Rederasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Məsələni Sputnik-ə şərh edən politoloq İlqar Vəlizadə deyir ki, Qazaxıstanda son vaxtlar terror təşkilatlarının aktivliyi müşahidə olunurdu: "Bu, müxtəlif səbəblərlə bağlıdır, hansısa konkret bir səbəbi göstərmək hazırda çətindir. İş orasındadır ki, terror təşkilatlarının əsas qaynaqları Qazaxıstandan kənarda yerləşir, xüsusilə də Yaxın və Orta Şərq ölkələrində".
"Onların əsas məqsədi Qazaxıstanda daxili siyasi sabitliyi pozmaq və islam faktorundan istifadə edərək cəmiyyətin radikallaşmasına kömək etməkdən ibarətdir. Bu terror təşkilatları müxtəlif səbəblərdən istifadə edərək öz fəaliyyətlərini həyata keçirir", — siyasi şərhçi bildirib.
Xatırladaq ki, son vaxtlar Qazaxıstanda ən ciddi müzakirə obyektinə çevrilən "Torpaq məcəlləsi"nə dəyişliklər sosial gərginliyə yol açan amillər sırasındadır. Belə ki, yeni düzəlişlərə görə, torpaq sahələri uzun müddətə — 20-25 illiyə xarici vətəndaşlara və yaxud biznes mənsublarına verilməli idi.
İlqar Vəlizadənin sözlərinə görə, bu qərardan sonra cəmiyyətdə qorxu yaranıb ki, artıq qonşu Çindən olan biznesmenlər bu torpaqları külli miqdarda almağa başlayacaqlar: "Bu səbəbdən bir çox yerlərdə iğtişaşların keçirilməsi planlaşdırılırdı, hətta bəzi yerlərdə belə protestlər oldu. Amma dövlət rəhbərliyi qərara gəlib ki, bu dəyişiklikləri qəbul etməsin və ya onların həyata keçirilməsini dayandırsın".
Rusiyalı politoloq Maksim Şevçenko isə hesab edir ki, Aktobe hadisələri Qazaxıstanın kəskinləşən sosial-iqtisadi zidiyyətlərindən irəli gəlir. "Baxmayaraq ki, bu hadisələrlə bağlı hər yerdə "terror" sözü daha tez-tez eşidilir, amma bunun köklərini ölkənin sosial-iqtisadi durumunda axtarmaq lazımdır", — Şevçenko Sputnik-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qazaxıstan bir tərəfdən həddindən çox varlanmış elita, digər tərəfdən neftin qiymətinin kəskin düşməsi nəticəsində səfalət halına gəlmiş əhali arasında qalıb: "Bu ölkənin iqtisadiyyatı bütünlükdə yüksək neft qiymətləri üzərində qərar tutub".
"İstənilən terrorun baş verməsi üçün zəmin olmalıdır. Terrorizm o zaman baş qaldırır ki, xalq çətin problemlərlə qarşılaşır və onların öhdəsindən gələ bilmir. Onda qızmış başlar əllərinə silah götürürlər", —deyə Maksim Şevçenko qeyd edib.
O, hesab edir ki, ölkəni bürüyən sosial qeyri-bərabərlik ölkədə terrorun baş qaldırmasına rəvac verən əsas amillər sırasındadır: "Əgər illərlə İraqı bombalamasaydılar, bütün ölkəni səhraya çevirib, əhalisini kütləvi şəkildə qırmasaydılar, orada heç vaxt İŞİD baş qaldırmazdı".
Yaxın Şərq İnstitiunun prezidenti Yevgeniy Satanovskinin sözlərinə görə isə, Aktobada baş verənlər islam radikalizminin izlərindən daha böyük miqyaslıdır. Onun Sputnik-ə verdiyi açıqlamaya görtə, Qazaxıstanda situasiyanı gərginləşdirmək bütün Mərkəzi Asiyanı dağıtmağın açarıdır: "Orada baş verən hadisələr bizə Misiri və Tunisi xatırladır. Böyük təəssüf hissi ilə bildirmək olar ki, dəst-xətt fərqlənmir".
"Rusiya Federasiyası öz sərhədi yaxınlığında baş verənləri sadəcə soyuqqanlı şəkildə izləməyəcək. Rusiya üçün sözsüz ki, təhlükə var. Xaricdən dəstəklənən terrorçu birləşmələr Qazaxıstanla yanaşı Rusiuyanın da sərhədini keçərək ölkənin milli təhlükəsizliyini təhdid edə bilərlər", — Satanovski vurğulayıb.
Politoloqun sözlərinə görə, hazırki situasiyada çox şey Qazaxıstanın liderindən asılıdır: "Nazarbayev nə Bin Əlidir, nə də Hüsnü Mübarək. O, çox ağıllı və böyük təcrübəyə, həmçinin yaxşı komandaya malik liderdir. Qazaxıstanda hakimiyyət dəyişikliyinə nail olmaq Tunis və Misirdəki kimi asan olmayacaq".
Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində silah dükanına və hərbi hissəyə hücum edilib. İlkin məlumatlara əsasən, atışma nəticəsində 6 adam həlak olub, o cümlədən, hücum edənlərdən 3 nəfər öldürülüb. Qazaxıstan DİN-in məlumatına görə, 10 nəfər yaralanıb.
Hücum edənlərin dükana basqını zamanı satıcı öldürülüb, daha bir nəfər yaralanıb. Dükana edilmiş basqından bir saat sonra hərbi hissəyə də hücum edilməsi barədə xəbər verilib. Hərbi hissəyə hücumun qarşısı alınan zaman bir zabit və bir hərbi qulluqçu həlak olub, 9 hərbi qulluqçu yaralanıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayevin sözlərinə görə, hücum edənlərin radikal dini təşkilat üzvləri olduqları güman edilir.