BAKI, 6 iyun — Sputnik. Mətbuat Şurası (MŞ) ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarına fiziki təzyiqlə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb.
Şuradan verilən məlumata görə, müraciətdə bildirilir ki, 2016-cı iyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları — Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib: “Yeməkxananın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov telekanalın əməkdaşlarına fiziki təzyiq göstərib, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb”.
Müraciətdə eyni zamanda qeyd olunub ki, hər bir jurnalist işinə məsuliyyətlə yanaşmalıdır: “Mövcud yanaşma cəmiyyətin mənafelərinin, informasiyaya olan tələbatının yerinə yetirilməsi zərurətinə əsaslanmalıdır. Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz peşə vəzifələrini yerinə yetirmələrinə qanuni şərait yaradılmalıdır. Məhz buna görə də ATV telekanalının əməkdaşlarının üzləşdikləri durum ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesində yuxarıda qeyd etdiyimiz cəhətlərə, ümumən media amilinə həssas yanaşılır. Əminik ki, sizin sayənizdə ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları ilə bağlı insidentə də eyni həssaslıqla yanaşılacaq. Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları — Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları “Şamaxı” yeməkxanasının sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar. Toplanmış material rayon prokurorluğuna göndərilib.