BAKI, 6 iyun — Sputnik. Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb. Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.
Məsələ ilə bağlı millət vəkili Zahid Oruc Sputnik-ə açıqlamasında deyib ki, 1987-ci ildən Türkiyə Avropa İttifaqına üzvlüyə namizəd statusunu əldə edib. Onun sözlərinə görə, Türkiyədən bu əsnada minlərlə sənədləri ratifikasiya etmək tələb olunur, onlar isə mühüm bir yol qət ediblər.
"Ancaq bununla bərabər Türkiyə məsələn, Baltikyanı ölkələrdən, hətta Ukraynadan da sonrakı yerə qoyulur. Türkiyə vətəndaşları məlum hüquqlardan yararlana bilmirlər. İndi isə növbəti tələ qurulmuş oldu", — Z. Oruc bildirib.
Millət vəkili Aİ-nin tələblərini absurd hesab edir: "Türkiyə Yaxın Şərqin sanki bütün axınlarını özünə götürməli idi və son terrorçu, separatçı cəhdlərə də məruz qalmalı idi. Türkiyə həm də Avropanı qaçqın axınlarından müdafiə etməli və bir zirehə çevirməli idi".
"Bunların gətirdiyi, demoqrafik, ictimai, sosial, adaptasiya oluna bilməmək bəlalarından, Suriyadakı müharibə vəhşətinin təfəkkürlərdə Türkiyə tərəfinə daşınması məsələlərindən heç danışan yox idi. 742 milyonluq Avropa İttifaqı elə 700 minə yaxın qaçqını qəbul edən kimi bütün şərtlərini sərtləşdirdilər və miqrant axınlarına qaşı sanki bir Berlin divarı tikdilər", — o vurğulayıb.
Deputat hazırda əks proses getdiyini qeyd edib: "Artıq Türkiyə hiss edir ki, onu aldadıblar. Xüsusilə də bəlli siyasi mərkəzlərdən Almaniya Bundestaqına verilən tapşırıqda "soyqırımı" məsələsinin tanınması fonunda Türkiyə çox yaxşı görür ki, onu bir neçə regional, geopolitik qruplarla toqquşdururlar. Amerika təzyiqlərini artırıb, Qərblə münasibətlər dediyimiz səviyyədədir. Təyyarənin vurulması məsələsi üzərindən Rusiya ilə də ciddi soyuq münasibətlər yaşanır".
Z. Oruc düşünür ki, Türkiyə Avropa İttifaqının onun üçün hər hansı bir güzəşt mövqeyi tutmayacağını bilməlidir: "Bütün suriyalı köçkünləri Avropaya yönəltməlidir. Əsl təzyiq bu olacaq. Türkiyə Böyük Millət Məclisində hansısa aktlar, qərarlar çıxarmaqdansa, Almaniyanın 100 illik həyatını təftiş etməkdənsə, fransızlarla "üz-göz" olmaqdansa, ən yaxşı yol bütün köçkünləri Avropaya istiqamətləndirməkdir".
"Onda Qərb Türkiyənin qüdrətini, qüvvətini, əhəmiyyətini hiss edəcək. Onda Qərb hiss edəcək ki, bu qərarlar ki, Yaxın Şərqdə hansısa rejimlərin dəyişdirilməsi üçün verilir, bu, nələrə, nəyin hesabına başa gəlir. Ona görə də Türkiyənin o dialoqdan çıxmağını təklif edirəm. Türkiyə NATO-nun ilk üzvlərindən biridir və onu bölgədə əvəz etmək qeyri-mümkündür", — deputat vurğulayıb.
Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu da Sputnik-ə açıqlamasında deyib ki, indiyədək Avropa Türkiyəyə verdiyi sözləri yerinə yetirməyib və bunları yerinə yetirməməkdə ciddi olduğunu göstərib: "Türkiyəni yayındırma siyasəti ilə vaxt qazanmaya çalışmaları Avropanın zərərinə olacaq. Türkiyə bu məsələdə çox ciddidir. Lazım gələrsə, miqrantların Avropaya keçməsinə icazə verə bilər. Bunun nəticəsində isə heç kim Türkiyəni haqq-hesaba çəkə bilməz".