BAKI, 6 iyun — Sputnik. Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Azərbaycana turne təşkil edib. Qastrol çərçivəsində teatr Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara, Lənkəran şəhərlərində çıxış edəcək.
Teatrın baş rejissoru Er-toğrul Kamalovun Sputnik-ə verdiyi məlumata görə, 7 iyun saat 18.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırladığı "Ac həriflər" tamaşası nümayiş olunacaq. Janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Ər-Toğrul Kamalov, rejissor assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova (teatrın baş rəssamı), musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
Tamaşada rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Səidə Əliyeva, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova ifa edirlər.
Qeyd edək ki, tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr iki zaman müstəvisində — keçmişlə bu günün kəsişməsində baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.