BAKI, 6 iyun — Sputnik. "Biosfer" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən Sputnik-ə verilən məlumata görə, mayın 1-dən başlayaraq, layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılıb, tədbirlərin keçirilməsi üçün hazırlıq işləri planlaşdırılıb, tədbirlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib və mütəxəsislərdən ibarət məsləhət şurası yaradılıb.
İyunun 4-də Xəzər rayonu, Əhməd Baxşiyev adına 38 saylı Texniki-Yaradıcılıq Mərkəzində (TYM) əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar uşaqlar üçün kurs keçirilib. Onlarla uşağın iştirak etdiyi kursda, onlara toxuculuq, hörmə, rəsm çəkmə, suvenir hazırlama və digər peşə sahələrinə dair biliklər öyrədilib və həmin peşənin incəlikləri əyani şəkildə nümayiş olunub.
"Biz onlardakı xüsusi həvəsi və qabiliyyəti gördükcə, daha da ruhlanırıq və onlara daha çox bilgi verməyə çalışırıq. Özləri də, gördüyünüz kimi, onlara öyrədilənləri gözəl qavrayırlar və biz onlardakı istedadı görüb sevinirik", — deyə layihə rəhbəri Tural Məmmədov bildirib.