BAKI, 6 iyun — Sputnik. Binanın dördüncü mərtəbəsinin balkonundan sürüşən 3 yaşlı uşağın həyatını onu havada tutaraq yerə düşməyə qoymayan təsadüfi adam xilas edib. Sputnik Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Türkiyənin Kastamonu bölgəsinin Azdavay rayonunda baş verib.
Üç yaşlı Kaan Kurtcuoğlunun anası Sigar Kaya Kurtcuoğlu balkondan sürüşərək evin aşağı mərtəbəsindəki balkona, ondan da aşağıda yerləşən ofisin çardağı üstünə çırpılan oğlunu xilas etmək üçün qışqırıb. Elə bu vaxt maşınla yoldan keçən Ömər Yıldız qışqırığı eşidib.
O, maşını dayandıraraq adamların toplaşdığı binanın qabağına gəlib. Adamlar kilim açaraq aşağı düşməkdə olan uşağı tutmağa çalışıblar. Uşaq kilim olan tərəfə deyil, Ömər Yıldızın dayandığı tərəfə yıxılıb. Yıldız əlini ataraq yerə düşməkdə olan Kaanı havada tuta bilib.
Kaanın tam təsadüf nəticəsində ölümdən qurtarması anasına və ətrafdakı adamlara böyük sevinc bəxş edib. Sürüşərkən üzü sıyrılaraq zədələnmiş və qorxmuş Kaanı xəstəxanaya aparıblar. Burada ona lazımi tibbi yardım göstərərək evə buraxıblar.
Uşağı havada tutaraq xilas edən Ömər Yıldız hadisəni belə nəql edib: "Evimdən çıxıb bazara gedirdim. Yolda bir gurultu eşitdim. O dəqiqə maşını saxlayıb, nə baş verdiyini öyrənmək istədim. Bir də balaca uşağın balkondan aşağı sürüşməkdə olduğunu gördüm. Ətrafda hamı qışqırıb onu dayandırmağa çalışsa da, uşaq özünü aşağı tulladı və əvvəl 3-cü mərtəbədəki balkonun mərmərinə, oradan da aşağı qatdakı ofisin çardağına çırpıldı. Oradan yerə düşənə qədər əlimi atıb onu havada tutdum. Kaan xilas olduğuna görə, çox xoşbəxtəm".