BAKI, 6 iyun — Sputnik. Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da anadan olub.
Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır.
1799-cu il iyunun 6-da Moskvada anadan olan Puşkinin dünya görüşünün formalaşmasında şairin nənəsi Mariya Alekseyevnanın (Hannibal), tərbiyəsində isə dayəsi Arina Radionovnanın rolu böyük olub. Dayəsini çox sevən Puşkin ona bir neçə gözəl şeir də həsr edib. Arina Radionovna məharətlə nağıl danışar, xalq inanclarını, atalar sözlərini, tapmacaları yaxşı bilirdi. Sonradan Puşkin dayəsinin süjetlərindən istifadə edirək və “Çar Saltan haqqında nağıl”, “Qızıl xoruz haqda nağıl”, “Ölmüş çar qızı haqda nağıl” və başqa əsərlər yazır.
1811-ci ildə Puşkin Çarskoselsk liseyinə qəbul olur. Liseydə oxuduğu 6 il onun şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərir. Həmin illərdə gənc Puşkin ədəbi fəaliyyətə başlayır. 16 yaşında Derjavinin qarşısında “Çar kəndində xatirələr” şerini oxuyur. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirən şair Xarici İşlər Kollegiyasına təyinat alır, 1819-cu ildə isə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olur.
Puşkin heç vaxt bilavasitə dekabrist hərəkatına qoşulmasa da, onun dostları gizli təşkilatlarda iştirak edir və aktiv fəaliyyət göstərirdilər. Dekabristlərlə ünsiyyət şairin yaradıcılığında öz izini buraxır. O, “Çaadayevə”, “Kənd” və başqa bu kimi siyasi şeirlər yazır. 1820-ci ildə Puşkin hələ liseydə təhsil alan zaman başladığı “Ruslan və Lyudmila” poemasını bitirir. Poema tənqidçilər tərəfindən yaxşı qarşılanmır, şair poema janrının yüksək kanonlarını aşağı salmaqda ittiham olunur. Aleksandr Puşkini siyasi əsərlərinə görə Sibirə sürgün edə bilərdilər. Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi onun cəzasının yüngülləşdirilməsi və sürgün əvəzinə xidməti yerinin Ekatirinoslava dəyişdirilməsi ilə nəticələnir. 1820-ci ildə epiqramlar yaydığı üçün şair cənuba sürgün edilir. Sürgündə olduğu dörd il Puşkin üçün hədər getmir. Bu illər də o,“Qafqaz əsiri”, “Baxçasaray fontani”, “Quldur qardaşlar” əsərlərini yazır, gələcəkdə ona böyük şöhrət gətirəcək “Yevgeni Onegin” romanı üzərində işə başlayır.
1823-cü ildə Puşkinin xidməti yeri Odessaya dəyişdirilir. Bir il sonra istefa üçün müraciət edən şair bu dəfə şimal sürgününə, malikanəsinin olduğu Mixaylovsk kəndinə göndərilir. Burada o, “Yevgeni Onegin” romanı üzərində işi davam etdirir, “Boris Qodunov”u yazır. Mixaylovskda olarkən ona dekabristlərin üsyanı və dostlarının edam edilməsi xəbəri çatır. Axtarışdan ehtiyatlanan şair avtobioqrafik qeydlərini məhv edir. 1826-cı ildə I Nikolay Puşkini Moskvaya çağırır və onu himayəyə götürəcəyini bildirir. Lakin çar tərəfindən verilən azadlıq uzun sürmür. 1828-ci ildə Dövlət şurası Puşkin üzərində nəzarət üçün sərəncam verilir. Bu sərəncamdan sonra şair özbaşına Moskvanı tərk edərək Qafqaza, dostlarının yanına gedir. Səfər zamanı təəssüratlarını Puşkin “Ərzuruma səyahət” oçerkində, “Qafqaz”, “Uçqun”, “Gürcüstan təpələrində” şeirlərində oxuculara çatdırır.
1830-cu ildə Puşkin Natalya Qonçarova ilə evlənmək qərarına gəlir. Toydan əvvəl atası tərəfindən ona hədiyyə olunmuş Boldino malikanəsinin yaxınlığında yerləşən Kistenevka kəndinə gedir. Moskvada baş qaldırmış vəba epidemiyası üzündən üç ay burada qalmağa məcbur olan şairin yaradıcılığının bu dövrü “Boldino payızı” kimi tanınır. Boldinoda Puşkin “Mərhum İvan Petroviç Belkinin povestləri”, “Kiçik faciələr”, “Kolmnada evcik” və bir çox başqa əsərlər yazır, “Yevgeni Onegin” romanını bitirir. 1831-ci ildə Natalya Qonçarova ilə evlənib Peterburqa köçən Puşkin həmin dövrdə tarixi mövzuda yazılmış "Dubrovski", “Kapitan qızı” və digər əsərləri qələmə alır.
1832-ci ildə Puşkin “Dubrovski” romanını yazmağa və Puqaçovun üsyanı barədə roman üçün material toplamağa başlayır. Bundan başqa o, bu dövr yaradıcılığının ən gözəl nümunələrindən olan “Qaratoxmaq qadın”, “Andjelo”, “Mis atlı”, “Balıqçı və qızıl balıq haqda nağıl” “Ölmüş şahzadə və yeddi pəhləvan” əsərləri üzərində də işləyir. Peterburqa qayıtdıqdan sonra maddi çətinliyə düşən şair 1834-cü ildə istefaya çıxır və bundan sonra həyatı dərc olunmuş əsərlərinin gətirdiyi qeyri-sabit gəlirlərdən asılı olur. Puşkin dühasının tənəzzülündən xəbər verən maddi çətinlik və tənqidçilərin aramsız hücumları şairin yaradıcılığında böhranın baş verməsinə səbəb olur. Lakin vaxtını hədər keçirməyən Aleksandr Puşkin I Pyotr zamanının tarixi sənədlərinin tədqiqi ilə məşğul olur, “Kapitan qızı” romanını dərc etdirdiyi “Sovremennik” ədəbi nəşrinin təməlinin qoyulmasında iştirak edir.
1834-cü ildə Peterburqa gələn fransız baron Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulur və ona diqqət göstərməyə başlayır. Bu bir çox dedi-qodunun yaranmasına səbəb olur. Bu səbəbdən Puşkin Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra duel çağırışını geri götürür. Lakin evləndikdən sonra belə Dantes Puşkinin həyat yoldaşına diqqət yetirməkdə davam edir. İntriqanın böyüməsində Dantesin atası baron Qekkernin də rolu az olmur. Bu hadisələrdən usanan Puşkin Dantesin onu duelə çağıracağına ümid edərək baron Qekkernə təhqiramiz məktub yazır. Belə də olur, 1837-ci il yanvarın 27-də duel baş tutur. Puşkin qarnından ölümcül yaralanır və 2 gündən sonra 1837-ci il yanvarın 29-da vəfat edir. Nümayişlərin başlayacağından ehtiyat edən çar Puşkinin nəşini Peterburqdan məxfi olaraq çıxarılmasını əmr edir. Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyə həsr edir.