BAKI, 5 iyun-Sputnik. İyunun 5-də Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərində atışma nəticəsində 6 nəfər ölüb.
Sputnik-in məlumatına görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Almas Sadubaev xəbəri təsdiqləyib.
A. Sadubaevin sözlərinə görə, Qazaxıstan Daxili İşlər Nazirliyinə naməlum şəxslərin Aktoba şəhərindəki "Pallada" silah mağazasına, saat 15.45 (Bakı vaxtı ilə saat 14:45) radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etdikləri barədə məlumat daxil olub. Nəticədə "Pallada" mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb. Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.
A. Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib. Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir. Aktoba şəhərində antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.
Bundan əvvəl məlum olub ki, Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərinin bir neçə rayonunda atışma gedir.
Xəbəri Qazaxıstanın "Diapazon" nəşri yayıb.
Şahidlərin sözlərinə görə, atışma bu gün saat 13:00 radələrində başlayıb. Soyğunçular əvvəlcə Sputnik rayonunda silah mağazasını talan ediblər. 24-30 yaşlı kişilər hərbi hissədə hərbiçiləri girov götürüb eyni zamanda Aktoba şəhərində İleksk polis bölməsinə hücum çəkiblər. Atışma zamanı 2 nəfər xəsarət alıb.
Polisin hücum çəkənlərdən bir neçə nəfəri saxladığı da bildirilir. Qəzet yazır ki, hazıra şəhərin Meqa və Siti-mərkəz bölgələrində böyük mağazalar, ticarət mərkəzləri, bazarlar bağlanır, əhali kütləvi evakuasiya edilir.