Abşeronun məsləhətli çimərlikləri

© Sputnik / Murad OrujovBakıda çimərlik
Bakıda çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı ekoloqun fikrincə, Abşeronun heç bir çimərliyi “Mavi bayraq” ekoloji standartına uyğun gəlmir.

BAKI, 5 iyun — Sputnik. İndiyə qədər Azərbaycanın heç bir çimərliyi “Mavi bayraq” beynəlxalq sertifikatını almayıb. Əgər almış olsaydı, Azərbaycanda hər fürsətdə bunu xatırladardılar. 

Bu sözləri Sputnik-ə müsahibəsində ekoloq Telman Zeynalov deyib.  

"Mavi bayraq" — 32 kriteriyaya görə xidmətin, təhlükəsizliyin və ekoloji təmizliyin səviyyəsinin yüksək standartlarına əsasən çimərliklərə verilən beynəlxalq standartdır. 

Qeyd edək ki, bu standartı almaq üçün çimərliklərdə lazımi avadanlıqlarla təchiz edilmiş xilasedici postlar, parklamalar, tibb məntəqələri,  fiziki imkanları məhdud olan şəxslər üçün rahat şərait olmalıdır. Bu prestijli mükafat yalnız 1 mövsüm üçün verilir. “Mavi bayraq” mükafatı şəhər və vilayətlər üçün çox sayda turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

Azərbaycanlı ekoloqun fikrincə, Abşeronun heç bir çimərliyi “Mavi bayraq” ekoloji standartına uyğun gəlmir. Bir sıra çimərliklər xüsusi adamlar tərəfindən özəlləşdirilib, hansı ki, onlar hətta o çimərliklərin təmizliyi haqqında düşünmürlər. Demək olar ki, bütün istirahət sahələri birbaşa dənizə çirkab suları axıdır. Nəticədə müxtəlif xəstəliklər yayılır. 

Ekoloq hakimiyyətə dənizkənarı çimərliklərdən istirahət guşələrini və kafeləri yığışdırmağı tövsiyə edir. "Nə olsun ki, özəl çimərliklərdə zibili atırlar. Ora müxtəlif insanlar gedir, hansı ki, onların arasında xəstələr də var. Onlar ümumi tualetlərdən istifadə edirlər və onların çirkabı dənizə axıdılır” – deyə o qeyd edib. 

Zeynalov təklif edir ki, ya bütün tualetlər çimərliklərdən yığışdırılmalı, ya da onlar mərkəzi kanalizasiya sisteminə qoşulmalıdır ki, çirkab təmizləndikdən sonra dənizə axıdılsın. 

Digər ekoloq İslam Mustafayev həmkarının fikrini dəstəkləyib. O, qeyd edib ki, Abşeron çimərliklərinin sahil suları məhz istirahətə gələnlər tərəfindən çirkləndirilir. Çünki o çimərliklərdə tualetlər mərkəzi kanalizasiya sisteminə qoşulmayıb və bu da imkan verir ki, çirkab birbaşa dənizə axıdılsın. 

Mustafayev həmçinin əlavə edib ki, sular təkcə özəl istirahət sahələrində çirkləndirilmir. Dənizə həm də Kür və Araz çayları vasitəsilə zərərli tullantılar axıdılır. 

Abşeron yarımadasında çox yerdə kanalizasiya sistemi yoxdur. 

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin sahilində çirkab suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırıb. Buna baxmayaraq, indiyə qədər bir çox sahələrdən kanalizasiya suları birbaşa Xəzərə axıdılır. Xüsusilə də fenollu birləşmələr” – deyə ekoloq bildirib. 

Sahil zolağının çirkləndirilməsindən danışan Mustafayev onu da deyib ki, yerli icra orqanları təmizliyə nəzarət etməlidirlər. Əgər sahili sahibkarlar icarəyə götürüblərsə, onda çimərliyin təmizliyinə də məhz onlar cavabdehdirlər.  

Qeyd etmək lazımdır ki, bir neçə gün bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Ekoloji Monitorinq İdarəsi Abşeron çimərliklərində və sahil zolağında monitorinq keçirib. Artıq çimərliklərin mikrobioloji monitorinqinin nəticələri məlumdur. 

Nazirlikdən bildiriblər ki, modul tipli sutəmizləyici qurğuların quraşdırılmasından sonra Abşeron çimərliklərində bağırsaq çöplərinin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb və icazə verilən praktiki normaya uyğundur. Lakin Nazirlik hələ ki, Sumqayıt, Qaradağ rayonundakı Sahil, Şıxov və paytaxtın Səbail rayonu ərazisindəki çimərliklərdə çimməyə icazə vermir.

Nisbətən təmiz çimərliklər 17 modul tipli sutəmizləyici qurğunun quraşdırıldığı Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Novxanı və Corat qəsəbələrindəki çimərliklər hesab olunur. Yeri gəlmişkən, Nazirliyin göstəricilərinə görə, 2007-ci illə müqayisədə bu çimərliklərdə bağırsaq çöpləri nəzərəçarpacaq dərəcədə azalıb. 

Sumqayıt şəhərindəki çimərliklərə gəlincə, şəhər rəhbərliyi istəyir ki, şəhər sakinləri nəhayət bu çimərliklərdən istifadəyə başlasınlar. Orada hətta bulvar və xüsusi çimərlik sahəsi də tikməyə başlayıblar. Suyun təmizlənməsinə gəlincə, “Azərsu” ASC demək olar ki, bütün kanalizasiya axınlarını Novxanıya qədər uzanan yeni 20 kilometrlik kollektora birləşdirib. Təmizlənib dezinfeksiya edilmiş çirkab dənizin sahildən uzaq hissələrinə axıdılır. “Azərsu” hətta Novxanıdakı restoranlar, istirahət zonaları və digər obyektlər boyunca sahili tullantılardan təmizlənməyə başlamağı planlaşdırır. 

Xəbər lenti
0