"Biz bir aya torpaqlarımızı azad edə bilərdik"

© Photo : REPORTАли Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам
Али Гасанов, помощник Президента Азербайджана по общественно-политическим вопросам - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidentinin köməkçisi önəmli açıqlamalar verib.

BAKI, 4 iyun-Sputnik. İyunun 4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası olub.

Sputnik APA-ya istinadla xəbər verir ki, iclasın gündəliyinə Redaksiya Komissiyasının məlumatı, Qurultay sənədlərinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibinin müzakirəsi daxil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultayın açılışında Azərbaycan prezidenti İlham Əliyevin tarixi çıxış etdiyini bildirib. N. İbrahimov əvvəlki qurultaylardan fərqli olaraq qurultay nümayəndələrinin çıxışına, müzakirələrə, təkliflərin səsləndirilməsinə şərait yaradılmağa çalışıldığını söyləyib: "Qurultay sənədləri qəbul ediləcək, I Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradılıb, hər qurultayda Əlaqələndirmə Şurasının yeni tərkibi seçilir. Biz yenə də Əlaqələndirmə Şurasının yeni tərkibini seçəcəyik".

Türkiyənin Girəsun Universitetinin Tarix kafedrasının müdiri Aygün Attar hər bir azərbaycanlı kimi azərbaycanlı olmasından fəxr duyduğunu vurğulayıb.

Millət vəkili Elman Nəsirov Azərbaycanın cəbhədə üstünlüyünün təmin edildiyi aprel döyüşlərindən sonra yeni situasiyanın yarandığını, informasiya savaşı cəbhəsində daha aktiv olmağın zəruri olduğunu qeyd edib: "Diasporumuz bu sahədə fəal olmalıdır. İnformasiya sahəsində fəaliyyətin koordinasiyası üçün xüsusi mərkəz yaradılmalıdır ".

İclasda Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. Müraciətdə qeyd edilir ki, ötən qurultaydan keçən dövr ərzində Azərbaycan diasporu ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının alınması üçün hücum taktikasına keçib, fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması məqsədi ilə ortaq strategiya müəyyənləşdirilib, əhəmiyyətli görüşlər və forumlar keçirilib. Müraciətdə Azərbaycanın regionun lider dövlətə çevrildiyi bildirilir. Qurultay nümayəndələri qeyd ediblər ki, bu il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınıb, əks-həmlə ilə onu geri oturdan Azərbaycan ordusunun döyüş qabiliyyəti onları çox sevindirib: "Hər birimizin ən böyük arzusu qələbə — Qarabağımızın geri qaytarılması, torpaqlarımızın azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik. Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması və təbliği, doğma Vətənin mili maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik".

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyib: "Diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlı Vətəni sevir, onun problemləri ilə yaşayır. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları — Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa çatdıra bilmədilər".

Ə. Həsənov deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib: "Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi bütövlüyünə qarşı təhdidə çevriləcək. Heydər Əliyev ortaya qoydu ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar o ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər.

Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multikultural ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə bilər. O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə, dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq. Bizim fərqimiz budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz qurultayda da dünyaya bu mesajı vermək istəyirik".

Ə. Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz aralarında birliyə nail olmalıdır: "Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa, milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə, xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına, mili maraqlarımızın təmini ilə bağlı aksiya və tədbirlərin keçirilməsinə nail ola bilərik. Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi".

Ə. Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı çatıb: "Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var".
Prezidentin köməkçisi xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb: "Mən fəxr edirəm ki, azərbaycanlıyam" şüarı soydaşlarımız üçün əsas olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun koordinasiyasını təmin etməlidir".

Sonra prezident İlham Əliyevin sədrliyi ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib.

Xəbər lenti
0