BAKI, 2 iyun — Sputnik. Tədris həftəsinin artırılmasının ümumiyyətlə təhsilin keyfiyyətinə təsir amili yoxdur. Digər tərəfdən də tədris ilinin axırıdır. Müəllimlər də şagirdlər də yorğundur. Buna psixoloji hazırlıq yoxdur.
Bunu Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Sputnik-ə açıqlamasında deyib.
Ekspert hesab edir ki, iki həftənin artırılması iyun ayının hesabına deyil, sentyabrın hesabına etmək lazımdır: “Uzun illərdən bəri bizdə sentyabrın 1-də dərslər başlayıb. Bunun sentyabr ayı hesabına edilməsi təhsilin keyfiyyətinə təsiri ola bilər. Valideynlərin, şagirdlərin, müəllimlərin də əksəriyyətinin təklifi dərs ilinin sentyabrın 1-dən başlanmasına keçirilməsidir. Bu təklifi məqbul hesab edirəm. İyun ayının da iki həftəsi sadəcə olaraq sərbəst hazırlığa verilsin. Gələn ildən bunu tətbiq etməyi faydalı sayıram”.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Sputnik-ə açıqlamasında deyib ki, tədris həftəsinin artırılmasının təhsilin keyfiyyətinə müsbət təsiri olacağını düşünmürəm. Qərarın effektivliyinə inanmıram: “Bu il deyək ki, iqlim normal keçdi, hava sərindi, siniflərdə dərs keçmək də mümkündür. Amma növbəti illərdə iyun ayının 1- i ilə 15-i arasında Azərbaycanda dərs keçmək mümkün deyil. Yalnız o vaxt mümkün olar ki, orta məktəblər kondisionerlərlə təmin edilsin və s. Gələcəkdə bunu edə bilsək effekti olacaq”.
Ekspert deyib ki, dərs ilinin sentyabrın 1-də başlaması optimal variantdır.
Psixoloq Tariyel Faziloğlu Sputnik-ə açıqlamasında deyib ki, tədris həftəsinin artırılmasının şagirdlərə ciddi psixoloji təsirləri var: “Birincisi mayın 31-i ona görə qəbul edilirdi ki, şagirdlərin sinifdə oturması üçün orta istilik dərəcəsinin maksimal həddə çatmaması dönəminə qədər idi. Dünyanın hər yerində dərs müddətində temperatur əsas götürülür. İkincisi temperatur ilə əlaqədar insanda fizioloji, psixoloji dəyişikliklər nəzərə alınır. Faktiki olaraq 2 həftə əlavə dönəmdə nə müəllimlərdə nə də uşaqlarda tədris ilə bağlı heç bir motivasiya olmayacaq. Bu zaman israfıdır”.
Psixoloq deyib ki, şagirdlər standartların üzərindəki istilik dərəcəsində sinifdə oturacaqlarsa, elə sentyabrın 1-dən qoysunlar, mayın 31-də də bitsin. Dərs müddətinin uzadılması ilə bağlı verilən qərardan sonra tədris həftəsinin 32-dən 34-ə qədər artırılması dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə orta göstəricidir. Çünki bir çox ölkələrdə bu göstərici 38, hətta 40 həftədir.
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, XXI əsrin çağırışlarına cavab vermək üçün Azərbaycanın ümumtəhsil məktəblərində tədrisə çox vaxt ayrılmalıdır. Bu, vətəndaşlar üçün pulsuz xidmətdir. Bir dövlət vətəndaşına 2 həftə artıq təhsil verirsə, burada qəbahətli və ya təşviş doğuracaq bir hal olmamalıdır. Bu kimi dəyişikliklərin nəticələri bir-iki ilə görünmür. Yəni, bir neçə ildən sonra cəmiyyətimiz bu məsələdə hansısa dəyişikliklərin olmasından rahat şəkildə danışa biləcək. Bir il olmasa da, sonrakı müddətdə təhsil alan şagirdlər üçün bu addımın müsbət təsiri olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Təhsil Nazirliyi isə dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılması olduğunu bəyan edib.