BAKI, 2 iyun-Sputnik. Bir neçə gündür, davam edən şiddətli yağışlar nəticəsində Almaniya, Fransa və Avstriyada bir sıra bölgələr su altında qalıb. Sputnik hürriyet-ə istinadla xəbər verir ki, paytaxt Parisdə həftənin əvvəlindən bəri davam edən leysan yağışları səbəbindən Seine çayı daşıb, çay kənarındakı yollar bağlanıb.
Fransa Meteorologiya İdarəsi ölkədə 19 bölgədə "narıncı həyəcan siqnalı"nın verildiyini və daşqın riskinin davam etdiyini elan edib. Səlahiyyətlilər 4 saat yağan yağışdan sonra çayın səviyyəsinin 40 santimetr yüksəldiyini bildirib.
Almaniyanın Bavyera əyalətindəki şiddətli yağışların yol açdığı sel fəlakətində bəzi kəndlərin metrlərlə yüksəklikdə suların altında qaldığı bildirilib. Fəlakət bölgəsində indiyədək dörd nəfər boğularaq həyatını itirib. Triftern, Simbach bölgələri fəlakət zonası elan edilib.
Evlərin zəmin qatları və yer altı qarajları sular altında qalarkən, çoxlu sayda avtomobil sel sularına qapılıb və fəlakət qurbanları vertolyotlarla evakuasiya edilib.