Şahpəri Abbasova, Sputnik Azərbaycan
Bakı, Sputnik — 2 iyun. Onlar insanlara təbəssüm bağışlayırlar. Gələcəyə ümid verirlər. Uşaqlar dünyanın sevinci, şənliyi, ümididirlər. Yer üzünün ən təmiz, ən saf və ən gözəl varlıqları uşaqlardır.
Humanistlər deyirlər ki, dünyanı uşaqlara bağışlayaq. Ekoloqlar isə bu fikirdədirlər ki, dünyanı uşaqlar üçün qoruyaq. Pedoqoqlar da deyirlər ki, uşaqlara insandan daha üstün münasibət göstərmək lazımdır, çünki onlar gələcəkdirlər.
Uşaqlar hər gün, hər saat, hər an belə bizim üçün, bizim dünya üçün aktualdırlar. Çünki onlar bizi gələcəyə bağlayan yeganə ümidlərdir. İnsanların ən çox sevdiyi şüarlardan biri "Uşaqlar bizim gələcəyimizdir" şüarıdır. İnsansevərlərinsə başlıca şüarı "Uşaqlar ölməsin"dir. Bu gün ağıllı xalqlar diqqətlərini məhz uşaqların hələ körpə yaşlarından sağlam gələcək üçün yetişdirilməsinə yönəldiblər.
Lap qədimlərdə qız uşaqlarını öldürürdülər. Bəzi dinlərə görə onlar lənətlənmiş elan edilir və allahlara qurban kəsilirdilər. Amma Məhəmməd Peyğəmbər (s.ə.s.) insanlara başa saldı ki, bütün insanlar Allah qarşısında bərabərdir və Allah onun yaratdıqlarının insanlar tərəfindən öldürülməsini bağışlamır. Məhəmməd (s.ə.s.) uşaqların günahsız doğulduğunu və haqqın dərgahında uca mövqedə dayandıqlarını insanlara nişan verdi.
Renesans dövrünün Rafaello, Mikelancelo, Leonardo da Vinçi kimi rəssam və heykəltaraşları öz əsərlərində uşaqlara böyük önəm verdilər. Yüzilliklər ərzində mələklər uşaq sifətində təsvir olunurdu. Qanadlı uşaqlar mələkləri simvolizə edirdi.
Lev Tolstoy öz "Hərb və sülh" əsərində yazırdı ki, dünyada müharibələrin törədilməsində günahı olmayan yeganə varlıqlar uşaqlardır. Uşaqlar həqiqətən də insanların həyata ümididir, yaşamaq üçün vəsilədir. Ən nəhayət gələcəkdir. Ümidlərimizi, həyatımızın anlamını, ən nəhayət gələcəyimizi qoruyaq!
Qeyd edək ki, dünən (1 iyun) Uşaqların Beynəlxalq Müdafiəsi Günü idi.