BAKI, 1 iyun — Sputnik. Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, avtobuslarla sərnişin daşımalarına "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılacaqlar.
Yeni qaydanı Sputnik-ə şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, bu, zamanın tələbindən doğan bir addımdır: "Son zamanlar apardığımız müşahidələr də göstərir ki, sərnişin daşıyan avtobuslarla bağlı qəzaların sayı artır. Çox zaman bu qəzalar sürücü səriştəsizliyi nəticəsində baş verir. Avtobusun idarə olunmasına buraxılan insanlar, bu missiyanın yerinə yetirilməsinə hazırlıqlı olmurlar. Nəticə etibarı ilə qəzaların yaranmasına səbəb olur".
"Təcrübəli insanlar bu sahədə çalışmalıdırlar. Çünki, gün ərzində avtobuslar yüzlərlə, minlərlə insana xidmət göstərir. Əvvəlki qaydalara görə, avtobusu idarəetmə hüququ 21 yaşdan sonra verilirdi. İndiki dəyişikliyə görə, bu hüquq 23 yaşdan sonra verilir", — mütəxəssis qeyd edib.
Sürücülük vəsiqəsinin 18 yaşdan etibarən verildiyini qeyd edən A. Allahverənov fikrini belə əsaslandırıb: "Təcrübə yığdıqdan sonra kimsə bu sahədə çalışmaq istəyirsə, "D" kateqoriyasının əldə olunması üçün müraciət etməli və müvafiq qaydada müəyyən prosedurları keçməklə, imtahan verməklə bu kateqoriyaya yiyələnməlidir. Bundan sonra isə həmin şəxs mütləqdir ki, xüsusi hazırlıq kursları da keçsin".
Onun sözlərinə görə, kiminsə "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi ola bilər, amma bu o demək deyil ki, avtobus sürməyə hazırlıqlıdır: "Bu baxımdan hazırlıq və ya ixtisasartırma kurslarının keçirilməsi şəxsin potensialını bir qədər də artırmış olacaq".
"Bu gün yaşı çox olan sürücülərə rast gəlinir. Təcrübə göstərir ki, onların fors-major vəziyyətlərdə idarəetmə qabiliyyətini itirməmə ehtimalı daha çoxdur. Çünki həyat təcrübələri zəngindir. Ola bilər ki, yaşından irəli gələrək belə vəziyyətlərdə çətinlik çəksinlər və ya səhhətlərində müəyyən problemlərlə üzləşsinlər. Ona görə də indiki dəyişiklik məhz yaşı 65-də çox olmayan insanlara şamil edilir", — deyə ekspert vurğulayıb.
Allahverənov sərnişin avtobusunu idarə etməyi çox məsuliyyətli öhdəlik hesab edir: "Bu vəzifəyə yalnız xüsusi təcrübəsi olan, xüsusi hazırlıq keçmiş insanlar dəvət edilməlidirlər və səriştə olduqca vacib məsələdir".