BAKI, 1 iyun — Sputnik. İyunun 2-də keçiriləcək OPEC-in iclasından əvvəl Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) neft bazarında vəziyyətin yaxşılaşdığına dair açıqlama gəlib. BƏƏ-nin neft naziri 2014-ci ildən bəri qiymətlərin aşağı düşməsinə səbəb olan qlobal neft hasilatında irəliləmə olduğunu deyib.
"Neft bazarı istehlakçıya və istehsalçıya uyğun məqbul bir qiymət tapana qədər düzəlməyə davam edəcək", — nazir bildirib.
OPEC-in gözlənilən iclası haqda danışan türkiyəli mütəxəssis Ənvər Erkan deyib ki, neft istehsalçıları üçün qiymət səviyyəsi ilə yanaşı, bazardakı pay bölgüsü də əhəmiyyətli yer tutur: "Qiymətlərin aşağı olduğu son 2,5 illik müddətdə gəlirlərinin əhəmiyyətli bir qismi neftlə bağlı olan iqtisadiyyatlar çox böyük çətinliklər yaşadı. Bunların başında Rusiya gəlir. Sonra isə Orta Şərq və Cənubi Amerika ölkələri".
"Burada fərqli yanaşmalar ola bilər. Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələri bu müddətdə hasilatın səviyyəsi ilə bağlı mövqelərini heç dəyişməyiblər. Onlar hasilatın dondurulması və azaldılması məsələsinə müsbət yanaşmır, çünki bazardakı paylarını başqa oyunçulara vermək istəmirlər", — ekspert bildirib.
Onun sözlərinə görə, OPEC-in toplantısında yenə maraqlar toqquşacaq: "İndiki vaxtda neft hasilatının dondurulması çətindir. Bunu hər ölkə qəbul etməlidir ki, bazar tarazlığını qorusun".
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, OPEC-in neft bazarına təsir imkanları getdikcə azalır: "Çünki, OPEC əvvəllər dünyada neft hasilatının az qala yarısını, bu gün isə 30 faizə qədərini təmin edir və OPEC-dən kənar ölkələrin neft bazarına təsir imkanları getdikcə artır. OPEC daxilində də çox ciddi ziddiyyətlər var. Maraqları uyğun gəlməyən hətta çarpışan ölkələr var ki, OPEC daxilində ümumi məxrəcə gəlməkdə çətinlik çəkirlər. O cümlədən, Səudiyyə Ərəbistanı ilə İranın bu təşkilatda təmsil olunması, çox zaman maraqlarının kəsişməsi nöqteyi-nəzərindən ortaq məxrəcə gəlinməsində maneçilik törədir".
Ekspertin fikrincə, bu iclasda hasilatın azaldılması və ya dondurulması ilə bağlı qərarın verilməsi ehtimalı çox aşağıdır: "Hətta, İran və İraqın təşəbbüsü ilə kvotaların qaldırılması məsələsi gündəmə gələ bilər. Yəni, ölkələrin kvotaları qaldırılmalıdır. Çünki, sanksiyalardan öncə İran OPEC daxilində ən çox kvotaya malik olan 4 ölkədən biri idi. Sanksiyalardan sonra isə kvotaları azaltmışdılar və İranın kvotalarını digər ölkələr arasında bölmüşdülər".
"Çox güman ki, İran bazardakı payını geri qaytarmaq istəyir. Buna görə də, kvotanı yenidən özünə qaytarmaq məsələsini qaldıracaq. İclasda hər hansı bir ciddi addımın atılması ehtimalı çox aşağıdır. Çünki, OPEC-də hətta verilmiş qərarlara nəzarət mexanizmi olmadığından, bazar o qədər də ciddiyə almır bu qərarları", — iqtisadçı vurğulayıb.
N. Cəfərli qeyd edib ki, sabahkı iclasda hasilatın azaldılması və dondurulması ilə bağlı hər hansı bir qərar çıxmazsa, bazara yenidən neqativ təsir etmə imkanları yaranacaq: "Yəni, bazarda korreksiya ehtimalı var. Neftin qiyməti ilin əvvəlindən 70 faiz qalxıb, 28 dollardan 50 dollar civarına gəlib. OPEC-in iclasından sonra bazarda müəyyən korreksiyanı görə bilərik. Neftin qiymətinin yenidən 45 dollar civarına enmək ehtimalı var".
"ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasının neftin qiymətinə təsiri olacaqmı?" sualına ekspert belə cavab verib: "Böyük ehtimalla, FED uçot dərəcəsini 0,25 faiz artıracaq. Bu, bütün dünyada dolların indeksinin bahalaşması ilə müşahidə olunacaq. Dolların indeksinin bahalaşmasının və dolların bahalaşmasının qlobal maliyyə bazarına ciddi təsir göstərmə ehtimalı var".
"Digər valyutalara nisbətən dollar bahalaşdıqca, bu, həm əmtəə bazarına, həm də səhm bazarına ciddi təsir göstərir. Əmtəə bazarında qızıldan tutmuş əlvan, qara metallara, hətta neftə qədər qiymətlərdə müəyyən ucuzlaşma olur. Çünki, bir formul mövcuddur. Baha dollar həmişə ucuz əmtəə deməkdir. Bu da əmtəə bazarına ciddi təsir göstərəcək. OPEC-in toplantısından qərar çıxmazsa və FED uçot dərəcəsini artırarsa, neftin qiymətləri yenidən 40-45 dollar dəhlizinə qayıda bilər", — deyə mütəxəssis fikrini əsaslandırıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev isə, neft hasilatının tənzimlənməsi ilə bağlı OPEC-in toplantısında ciddi qərarların veriləcəyini gözləmir. "Burada iqtisadi amillərlə yanaşı, siyasi amillər də var. Sırf iqtisadi amillər mövcud deyil", — deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, digər tərəfdən OPEC ölkələrinin verdiyi qərarlar dəyişə bilir: "Hasilatın dondurulmasına qərar verirlər, sonra isə artırırlar. Bu, daha çox psixoloji təsir baxışlayır".
A. Rzayev qeyd edib ki, FED uçot dərəcəsini artıracağını bəyan edir və bu, baş verərsə, neftin qiymətinə təsir edəcək.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 51 dolları ötüb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0,68 dollar bahalaşaraq 51,55 dollara bərabər olub.