BAKI, 31 may — Sputnik. BMT Baş Assambleyasının müvafiq qərarına əsasən, 1 iyun bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd edilir.
Cəmiyyətin gələcəyi olan uşaqların sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən müddətdə Azərbaycan BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər mütərəqqi beynəlxalq sənədlərə qoşulub. “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və s. normativ hüquqi aktların qəbul olunduğu ölkəmiz bu gün uşaq hüquqları sahəsində mükəmməl qanunvericilik bazasına malikdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə sosial firavanlığın təminatına xidmət edən uğurlu sosial siyasət kursu uşaqların sosial müdafiəsi sahəsində də tədbirlərin ildən-ilə güclənməsinə şərait yaradıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və şəhid ailələrinin uşaqları, müddətli hərbi xidmət qulluqçularının uşaqları aylıq sosial müavinətlə təmin edilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət ödənilir ki, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir. Aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınların uşaqlarına da aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət verilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin də 48 faizə yaxını uşaqlardan ibarətdir. Ümumilikdə cari ilin 01 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilənlərin 46 faizini və ya 404 min nəfərdən çoxunu məhz uşaqlar təşkil edib. Bütün sosial ödənişlər kimi, uşaqlara yönələn sosial müavinətlər də mütəmadi olaraq artırılır və Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə həmin müavinətlərin növbəti dəfə artırılması təmin olunub.
Uşaq hüquqlarına qabaqcıl dünya praktikasından irəli gələn prinsiplər əsasında yanaşmanın nəticəsi kimi, son illərdə ölkə qanunvericiliyində “16 yaşınadək əlil uşaqlar” sözü “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözü ilə, habelə Nazirliyin Kollegiyasının müvafiq qərarı ilə Şaqan 1 saylı və Saray 2 saylı internat evlərinin adlarındakı “Ağıldankəm uşaqlar üçün” sözləri “Sağlamlıq imkanları məhdud uşaqlar üçün” sözləri ilə əvəz edilib. Hazırda 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 320 nəfər uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə nümunəvi yaşayış şəraiti yaradılıb, uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, tibbi və reabilitasiya xidmətləri ilə təminatı üçün məqsədyönlü işlər görülüb. De-institusionalizasiya tədbirləri də gücləndirilir. Keçən il və cari ilin ötən dövründə sosial xidmət müəssisələrindən 117 nəfər doğma ailə mühitinə qayıdıb ki, onların 82 nəfəri uşaqlar olub. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında Bakıda və respublikanın müxtəlif bölgələrində 1500-dək uşağın reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı həyata keçirilir. Çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların ehtiyaclarına uyğun reabilitasiya xidmətləri, müvafiq hallarda yaşayış şəraiti ilə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq da inşa edilməkdədir.
Nazirliyin bərpa mərkəzlərində hər il xeyli sayda sağlamlıq imkanları məhdud uşaq bərpa müalicə xidmətləri ilə təmin olunur. Hazırda Nazirliyin ayrı-ayrı bərpa mərkəzləri kimi, Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işləri aparılır. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil olunur. Təkcə ötən il Nazirliyin xətti ilə əvvəlki illə müqayisədə 53 faiz çox, yəni 130 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Cari il ərzində də bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycanda uşaq hüquqları sisteminin mütərəqqi beynəlxalq prinsiplərə uyğunlaşdırılması ölkəmizin əmək qanunvericiliyini də əhatə edib. Belə ki, Beynəlxalq Əmək Təşkilatının müvafiq Konvensiyalarına uyğun olaraq ölkəmizin Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, yaşı 18-dən az olan işçilər üçün əlavə təminatlar nəzərdə tutulub. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfindən aidiyyəti qurumlarla birgə görülən məqsədyönlü işlər, ardıcıl maarifləndirmə tədbirləri respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimal səviyyəyə enməsi ilə nəticələnib.