BAKI, 31 may — Sputnik. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq" layihəsinə start verib. Layihə Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında gənc kənd sakinləri və arasında seminarların təşkil edilməklə həyata keçirilib.
Sputnik xəbər verir ki, tədbirlərdə hər bir rayonunun müxtəlif kəndlərindən 70 nəfər olmaqla ümumilikdə 280 nəfər gənc iştirak edib. Layihənin rəhbəri, fəlsəfə doktoru İlqar Orucov seminar iştirakçılarına layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində qarşıya qoyulan hədəflər haqqında məlumat verib.
"Layihənin əsas məqsədi Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarının kəndlərində aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi göstəricilərinin artmasına, kəndliləri yeni peşə və ixtisaslara həvəsləndirməklə regionlardakı vətəndaşların özünü və öz imkanlarını reallaşdırmaq bacarıqlarının formalaşdırmaq və eyni zamanda yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaqdır", — İ. Orucov bildirib.
Onun sözlərinə görə, layihənin vəzifələri aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizminin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin təşkilindən, kənd yaşıl turizminin inkişafının yeni metod və vasitələrinin təbliğ edilməsindən və regionlarda kənd yaşıl turizm mədəniyyətinin formalaşdırılmasından, yerli hakimiyyət qurumlarının diqqətinin kənd yaşıl turizminin inkişafına və bununla bağlı infrastrukturun yaradılmasına yönəltməkdən, aztəminatlı gənc kənd sakinlərinin gələcəkdə məşğulluğunun təmini üçün onlar arasında yerli kadr potensialının formalaşması, onların kənd yaşıl turizmi ilə bağlı yeni peşələrə yiyələnməsinə dəstək olmaqdan ibarətdir.
Layihənin eksperti, fəlsəfə doktoru Ruslan Rəhimli seminar iştirakçılarına kənd turizminin, ümumilikdə turizmin dünya iqtisadiyyatındaki önəmi, ölkələrin və cəmiyyətlərin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsinədki rolu haqqında məlumatlar verib: "Ümumdünya Turizm Təşkilatının hesablamarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar, bunun da 20% ə qədəri kənd turizminin payına düşəcək. İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur".
R.Rəhimli turizm növləri — aqroturizm, etnoturizm, Djayloo turizm, ekoturizm, ekstremal turizm, tibbi turizm, rekreasiya turizmi, nostalji turizmi, məcara turizmi, mədəni-idrak turizmi və kənd turizmi haqqında iştirakçılara geniş məlumat verib. Seminarlar qarşılıqlı dialoq və disput şəklində davam etmiş və iştirakçıların sualları cavablandırılıb.