BAKI, 31 may — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu, Türkiyə ilə münasibətlərə dair sürpriz açıqlama verib. O, rəsmi Ankara ilə əlaqələrin normallaşması üçün keçirilən görüşlərdə yekun razılığa çox az müddət qaldığını deyib.
Sputnik Timeturk-ə istinadən xəbər verir ki, dünən ABŞ Konqresindən bir heyəti Qüdsdə qəbul edən Netanyahu, çıxışında Türkiyə-İsrail münasibətlərinə geniş yer ayırıb: "İki dövlət arasındakı münasibətlərin 10 il əvvəlki səviyyəyə qayıtmasını gözləmək inandırıcı olmaz. Amma həm İsrailin, həm də Türkiyənin regional maraqlarını təhdid edən bəzi məsələlərə görə yaxınlaşma vacibdir".
"Əlaqələrin normallaşması bu maraqların qorunub saxlanmasına xidmət edəcək", — deyə baş nazir qeyd edib.
İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə, heyətlər arasındakı danışıqlarda əsas problem "Həmas" təşkilatının İstanbulda açmağı planladığı nümayəndəliklə bağlıdır. Belə ki, rəsmi Təl-Əviv yekun müqavilədə bu bəndin yer almasına qətiyyətlə qarşı çıxır.
"Haaretz" qəzeti yüksək vəzifəli rəsmi şəxslərə istinadən bildirir ki, Əhməd Davudoğlunun istefa verməsindən sonra heyətlərarası danışıqlar dayandırılıb. Bu həftə içində danışıqların Avropa ölkələrinin birində yenidən bərpa olunacağı bildirilir.
Mövzunu Sputnik üçün şərh edən türkiyəli politoloq Yılmaz Altınsoy, Yaxın Şərqdə Rusiya-İran-Hizbullah əməkdaşlığının İsrail ilə Türkiyəni bir-birinə möhtac qoyduğunu deyib: "Rusiyanın Sovetlər dövründə olduğu kimi, Yaxın Şərqə əl atması, bölgəni dizayn etməyə girişməsi və bunu İranla, Hizbullahla birgə etməsi, həm Türkiyəni həm də İsraili qıcıqlandırır. Çünki regionda hər iki dövlətin ciddi maraqları var və bu maraqlar nisbətən üst-üstə düşür".
"Həm Ankara, həm də Təl-Əviv onlardan başqa heç bir gücün bölgədə söz sahibi olmasını istəmir. Rusiya, İran və Hizbullahın Suriyadakı birgə fəaliyyətləri bu iki dövləti bir-birinə möhtac qoyub", — politoloq vurğulayıb.
İsrail-Türkiyə yaxınlaşmasının Azərbaycan üçün nə vəd etdiyini isə politoloq Qabil Hüseynli cavablandırıb. Bu yaxınlaşmanın ölkəmiz üçün çox vacib olduğunu deyən politoloq, İsrail-Türkiyə yaxınlaşmasına Azərbaycanın ciddi töhfəsi olduğunu yada salıb.
"İsrail — Azərbaycan münasibətlərinin tarixi 10 ildən artıqdır ki, strateji xarakter daşıyır. İsrail dövləti, müsəlman dünyasında ən etibarlı tərəfdaş kimi bizi görür", — siyasi şərhçi bildirib.
Onun sözlərinə görə, Azərbaycanda olan yəhudi lobbisi də bu işə ciddi maraq göstərir və yardım edir: "Həmçinin də rəsmi Bakı, Amerikadakı yəhudi lobbisinin dəstəyindən geniş şəkildə istifadə edir, maraqlarını müdafiə edir. Bu səbəblə düşünürəm ki, Türkiyə-İsrail yaxınlaşmasında Azərbaycanın da vasitəçiliyi və rolu var".