BAKI, 29 may — Sputnik. Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalmaqdadır.
Bu ilin yanvar-aprel aylarında metroya 71,8 milyon nəfər minib. Bu ötən ilin eyni dövrünə nisbətən 2,7 faiz azdır (2015-ci ilin yanvar-aprel aylarında metro istifadəçiləri 73,8 milyon nəfər olub).
Qeyd edək ki, Bakı metrosundan istifadə edənlərin sayında azalma hələ ilin əvvəlindən müşahidə edilir. Belə ki, yanvar, fevral və aprel ayının özündə də sərnişinlərin sayı əvvəlki ilə nisbətən azı olub. Yalnız bu ilin mart ayında metrodan istifadə edənlər ötən ilin martına nisbətən 0,6 faiz çox olub.
Məsələ ilə əlaqədar "Həyat" İctimai Birliyinin sədri, yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik-ə açıqlamasında bildirib ki, bu məsələdə bir neçə faktor öz təsirini göstərə bilər: “Bakı şəhərində vaxtı ilə yaşamış, əmək fəaliyyəti ilə məşğul olmuş bölgədə qeydiyyatda olan insanların iş yerlərini itirməsi və ya əmək fəaliyyəti ilə məşğul olması üçün bölgədə daha əlverişli şəraitin yaradılması məsələsi var. Son 5-6 ay ərzində xüsusilə də ötən ilin payız aylarından etibarən bölgələrə axın müşahidə olunmağa başladı”.
Ekspert bildirib: “Əgər vaxtı ilə Azərbaycanda xüsusilə də Bakı şəhərində urbanizasiya prosesləri yüksək idisə, indi artıq deurbanizasiya yəni, Bakı şəhərində yaşayan, bölgə qeydiyyatında olan insanların geriyə qayıdışı baş verir. Bu ictimai nəqliyyatda, o cümlədən metroda öz təsirini göstərir”.
Azər Allahverənov qeyd edib ki, digər tərəfdən insanlar çox zaman metrodan ona görə istifadə edirdilər ki, Bakı şəhərində, küçələrində tıxaclar var idi. İctimai nəqliyyat, şəxsi avtomobil ilə getmək harasa getmək, iş yerinə çatmaq müəyyən risklər yaratmış olurdu. Yəni, işə gecikmələr və s. Ona görə də metrodan istifadə edilirdi.
O, bildirib ki, son 3 ay ərzində Bakı küçələrində əvvəllər müşahidə olunan böyük tıxaclara rast gəlinmir. Küçələrdə nəqliyyat vasitələrinin intensivliyi təmin olunub. Bu, bir tərəfdən də ona gətirib çıxardır ki, insanlar artıq görür ki, yollar açıqdır, rahat şəkildə iş yerlərinə gedib çata bilərlər. Ona görə də digər nəqliyyat növlərinə üstünlük verirlər.
Ekspert deyib ki, insanlar adətən metro ilə iş yerlərinə, təhsil ocaqlarına gedirlər: “İndi görürük ki, elə təhsil ocaqları var ki, onların inzibati binalarının yerləri dəyişib. Yaxud daha kompakt olan ərazilərdə təhsil ocaqları fəaliyyət göstərir ki, oraya digər ictimai nəqliyyat növləri də kifayət qədər intensiv hərəkət edir. Yəni, təhsil ocağının yerləşdiyi ərazidə tək metro deyil, artıq bir neçə istiqamətdən avtobuslar hərəkət edir. Müxtəlif səbəblər var. Hesab edirəm ki, metrodan istifadənin azalmasının əsas səbəbləri bunlardır”.
Keçmiş deputat, iqtisadçı ekspert Nazim Məmmədov Sputnik-ə açıqlamasında deyib ki, bu onu göstərir ki, iqtisadi böhran nəticəsində şəhərə sığınmış vətəndaşlarımız daha çox bölgələrə gedir, geri qayıdırlar: “Tikintilərə cəlb olunmuş bölgələrdən olan iqtisadi miqrantlar idi və bu daxili miqrasiya hesab olunur. Bu vətəndaşlarımız regionlarda qeydiyyatda olmalarına baxmayaraq əsasən Bakıda və Bakı ətrafı qəsəbələrdə yaşayırlar. 2 milyona yaxın vətəndaşımız daimi yaşayış yerində yaşamırlar. İqtisadiyyatımız əsasən Bakı və Bakı ətrafında cəmləşdiyinə görə, əsas tikinti obyektləri burada olduğuna görə, vətəndaşlar buraya miqrasiya ediblər”.
“Birinci Avropa Oyunları qabağı daha çox tikintilər var idi. O obyektlər artıq başa çatdığına görə, həm də iqtisadi böhran olduğuna görə geri qayıdıblar”, — deyə ekspert əlavə edib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Sputnik-ə açıqlamasında deyib ki, metro ilə bağlı hər hansı bir problem yoxdur: "Biz əvvəlki qaydada sərnişin daşımanı davam etdiririk. Hətta aprel ayında yeni 2 stansiya da istifadəyə verilib. Bunlar “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarıdır. Bizdən qaynaqlanan hər hansı bir problem yoxdur. Əvvəlki qaydada işimizi davam etdiririk".