BAKI, 29 may – Sputnik. Köklükdən əziyyət çəkən avropalılar bundan sonra əlillərə bərabər tutulacaq. Avropa Məhkəməsinin qərarı belədir.
"əgər artıq çəki insanın peşəkar həyatda digər işçilərlə bərabər əsasda tam və effektiv iştirakına imkan vermirsə, onda artıq çəkisi olan şəxs əlilə bərabər tutulmalıdır”.
Sputnik azadqadin.az-a istinadən xəbər verir ki, Avropa Məhkəməsinin qərarı Avropa Birliyinin üzvü olan 28 ölkənin hər birində məcburidir.
Qərara səbəb isə danimarkalı Karsten Kaltoftun Avropa Məhkəməsinə şikayəti olub. 160 kq çəkisi olan K.Kaltoft uşaq bağçasında işləyirdi. O, artıq çəkisinə görə uşaqların ayaqqabılarının bağını bağlaya bilmirdi. Buna görə onu işdən çıxarıblar.
Karsten Kaltoft şikayət edirdi ki, onun işdən çıxarılması artıq çəkiyə görə diskriminasiyadır.
Məhkəmə qərarından sonra Kaltoftun sözlərinə görə, artıq çəkisi olanlar özlərini daha müdafiəli hiss edəcəklər: "Sizi köklüyə görə heç kim işdən qova bilməyəcək”.
Avropa Məhkəməsi Avropa qadınlarının 23, kişilərinin 20 faizinin marağını nəzərə alıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada çəkisi normadan artıq olan qadınlar və kişilər məhz bu qədərdir.