BAKI, 27 may-Sputnik. Arıqlamaq fast-food əsrinin ən vacib qayğılarından biridir. Artıq çəkidən əziyyət çəkənlər üçün arıqlamaq heç də asan iş deyil. Mütəxəssislər bildirirlər ki, arıqlamaq kökəlməkdən 10 dəfə çətindir. Kökələn insanlar hərəkət etməkdə çətinlik çəkirlər, təngnəfəs olurlar, damarların divarları xolesterin səbəbindən daralar, qan dövranı adi vəziyyətdən çıxır və çətinləşir, qəflətən ürək sıxılmaları olur, ürək döyüntülərinin sayı artır, müəyyən orqanların iflici ehtimalı çoxalır. Bir sözlə, köklük insanın həyatı boyu üzləşdiyi ən ağır bəlalardan biridir.
İnsanlar bu bəlalardan xilas olmaq üçün çoxsaylı pəhrizlərə, idman hərəkətlərinə, hətta cərrahi əməliyyatlara üz tuturlar. Lakin bu vasitələr heç də çox vaxt effektiv olmur.
İsveç alimləri bildiriblər ki, yemək pəhrizləri arıqlamaq üçün ən etibarsız üsullardan biridir. Çünki orqanizm ona lazım olan kalorini daim tələb edir. Əgər bu kalorini qəbul etməzsə, onda başda şəkər xəstəliyi olmaqla, qan azlığı, qan təzyiqinin düşməsi, ürəyin fəaliyyətinin zəifləməsi, baş ağrıları və digər çoxsaylı problemlər meydana çıxır. Odur ki, insanın yeməyinə diqqət etməsi, həddindən artıq deyil, normada yeməsi şərtdir. İnsan qəbul etdiyi kalorini hərəkətlə yandırsa, onda onun kökəlmək problemi də olmaz.
İsveç alimləri hesab edirlər ki, masaj kaloriləri problemsiz yandırmağın, orqanizmdə maddələr mübadiləsinin, qan dövranının yaxşılaşdırılmasının, beləliklə də arıqlamağın ən ideal üsuludur.
Bundan başqa, arıqlamaq üçün pəhriz saxlamaq deyəndə, söhbət bütün qidalardan imtina etməkdən getmir. Arıqlamaq istəyənlər tərkibində doymuş yağlar olan qidalardan imtina etməlidirlər.
Şirniyyat, tərkibində şirin, süd olan qidalardan çəkinmək lazımdır. Turş meyvə-tərəvəzlərdən, kəskin ədviyyatlardan (istiot, zəncəfil, cirə, xardal və s.) istifadə etmək, nisbətən köhnə və quru, xüsusilə də arpa və darı çörəyi yemə məsləhətdir. Kəskin qoxusuna baxmayaraq, soğan, sarımsaq, eləcə də vəzəri və tərxun arıqlamaq istəyənlər üçün ideal vasitələrdir. Bu sıraya kök, kələm və ispanağı da əlavə etmək məsləhətdir. Yeməkdə sirkə, xüsusilə də alma sirkəsi çəki yaradan qidaların təsirini azaltmaq, həzmə kömək etmək baxımından idealdır.
2.4 qram sədəf otunun toxumunu, 16.8 qram sədəfotu yarpağını və onun zoğunu qatıb, bir neçə gün acqarına yemək məsləhətdir.
Bu zaman sidikqovucu vasitələr işlətmək də çox müsbət təsir göstərir.
Arıqlamaq məqsədilə tez-tez isti duş qəbul etmək, hamamda və saunada tərləmək, mədən sularında (kükürdlü, fosforlu və s.) çimmək, çoxlu hərəkət etmək məsləhətdir.
Kökəlmənin qarşısını almaq üçün, əsasən yağlı xörəklərdən, xüsusilə qırmızı ətdən, süddən, pendirdən, mağazalarda satılan firma istehsalı olan kərə və marqarin yağlardan imtina etmək, bacardıqca doymamış yağlardan, süd turşularının bol olduğu süd məhsullarından (yağsız qatıq, kefir və s.) istifadə etmək lazımdır. Yaz-yay mövsümündə bolluca xiyar və alça yemək məsləhətdir.
Xörəklərdə duzu azaltmaq vacibdir.
Üzüm, portağal, limon, şaftalı, çiyələk və qarpız yemək arıqlamaq üçün yaxşı nəticələr verir. Səhər yeməyi əvəzinə portağal, limon və alma ilə keçinmək olar.
Köklüyə qarşı kahı, şalğam və başqa tərəvəz məhsulları, turş alma, heyva, turş nar, limon, portağal çox işlədilməlidir. Bolluca gavalı, albalı, xüsusilə turş gilənarla sarımsaq, xiyar və göyərtilərin qarışığından ibarət salatlar arıqlamaq üçün çox effektivdir.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz bütün qidalar, orqanik meyvə-tərəvəzlər Azərbaycan bazarlarında boldur. Unutmayın, sağlam həyat tərzini sağlam qidalar və sağlam əhval-ruhiyyə bəxş edir.