BAKI, 27 may-Sputnik. Azərbaycanın milli bayramı 28 May — Respublika Günü Avstraliyanın Pert şəhərində təntənəli şəkildə qeyd edilib.
Demokratik İslahatlar Partiyasından Sputnik-ə daxil olan məlumatda bildirilir ki, Pert şəhərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Respublika Günü ilə əlaqədar təntənəli ziyafət təşkil edilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Con Hammond tədbirə gələn qonaqları salamlayıb və Azərbaycan haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edən Asim Mollazadə 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranmasından danışıb və bildirib ki, bu, Azərbaycanın şanlı tarixində böyük mərhələnin əsasını qoyub. O, Azərbaycan həqiqətləri, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında ətraflı məlumat verib, Azərbaycanın multikulturalizm ənənələrindən danışıb.
Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlament deputatı Lyuk Simpkins isə çıxışında qeyd edib ki, Ermənıstan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli prinsiplərlə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır.
Milli Məclisin deputatı Xanlar Fətiyev, Azərbaycanın dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Mərasimdə Azərbaycan haqqında sənədli film nümayiş olunub, iştirakçılara Azərbaycan həqiqətlərini əks etdirən kitablar paylanılıb.
Tədbirdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, türk, yahudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.