BAKI, 27 may-Sputnik. ABŞ prezidenti Barak Obamanın Ağ Evi tərk etdikdən sonra ailəsi ilə birlikdə yaşayacağı evin görüntüləri yayılıb.
Obama ailəsi prezidentlik müddəti başa çatandan sonra Vaşinqotonun zənginlər yaşayan məhəlləsi Kaloramadakı 9 yataq otağı olan malikanəyə köçəcək.
Ağ Ev bu haqda rəsmi açıqlama verməyib. Amma Obama ailəsinin yaxınları mediaya bildirib ki, sözügedən malikanə Ağ Evdən cəmi 3 km-lik məsafədə yerləşir. Kalorama məhəlləsi Vaşinqtonun diplomatik kvartalı hesab olunur və ABŞ-ın hazırkı vitse-prezidenti Co Baydenin yaşadığı rayona çox yaxındır.
Sputnik Marketwatch-a istinadla xəbər verir ki, Barak Obama və birinci xanımı Mişelin seçdiyi ümumi sahəsi 8.200 kvadratmetr olan bu evin aylıq icarə qiyməti 22 min dollardır. Bu ev Glover Park Group-un həmtəsisçisi Joe Lockhart və onun həyat yoldaşı, Glamour Washington-un redaktoru Giovanna Gray Lockharta məxsusdur.
1928-ci ildə inşa edilən bu ev 2014-ci ilin mayında 5,3 milyon dollara satılıb. Hazırda bu evin dəyəri 6,3 milyon dollardır.
Obamaların Amerikanın 3-cü böyük şəhəri olan Çikaqoda şəxsi evi var. Amma prezident ailəsi bir müddət Vaşinqtonda qalaraq ikinci qızları Saşanın məktəbi bitirməsini gözləyəcək. İcarə olunan ev Saşanın oxuduğu orta məktəbin yaxınlığındadır.
Obama son yüzillikdə vəzifəsini tərk etdikdən sonra Vaşinqtonda qalan ilk prezident olacaq.
Ondan əvvəl XX əsrin əvvəllərində Vudro Vilson (1856-1924) prezidentlik müddəti bitdikdən sonra (1913 —1921) Vaşinqtonda yaşamağa davam etmişdi.