BAKI, 26 may — Sputnik. Bu gün Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini — Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargah rəisi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-leytenant B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.