BAKI, 26 may — Sputnik. Sığorta bazarında yol verilən nöqsanlar sürücülərin qəzəbinə səbəb olur. İcbari sığorta müqaviləsi bağlanan zaman baş verən neqativ hallar haqlı olaraq vətəndaşlarda çaşqınlıq yaradır və böyük problemlərə yol açır.
Belə ki, bir sürücünün avtomobilini sığorta etmək üçün bir neçə sığorta şirkətinə müraciəti zamanı müxtəlif sığorta qiymətlərinin söylənilməsi onda şübhələr oyadır və seçimdə çətinlik yaranır. Yaranan problemlərə sığorta üzrə satış meneceri Nicat Əlibəyli aydınlıq gətirib.
Mütəxəssis qeyd edib ki, avtomobil sığortalandıqda müştərinin mobil nömrəsinə avtomatik olaraq avtomobilin sığortalanması barədə ismarıc göndərilir. İsmarıcda sığorta müddəti və sığorta haqqının qeyd edildiyini söyləyən N.Əlibəyli vətəndaşların sığorta müqaviləsindəki məlumatların düzgün olub-olmadığını yoxlamalarının zəruriliyini vurğulayıb. “Avtomobilini sığorta etdirən şəxsin Pin-kod və “Bonus-Malus” sistemi barədə məlumatlı olması vacibdir. Pin-kodun başqa şəxsə aid olması yol verilməzdir və qanun pozuntusu hesab olunur. Lakin bəzi agentlər müştərinin deyil, başqa bir mobil nömrəni qeyd edirlər. Bu kimi hallar sürücülər tərəfindən heç də normal qarşılanmır. Bu kimi qanunsuzluqlara yol verən “agentlərdə” demək olar ki, qorxu hissi yoxdur. Hesab edirəm ki, bu cinayətdir və həmin şəxslər tezliklə ifşa ediləcək”, – deyə N.Əlibəyli bildirib.
Sığorta mütəxəssisi müştərilərə müqavilə bağlarkən şərtləri diqqətlə oxuyub sonra imza atmağa çağırıb.