Lənkərəna gələn qonaqların, bir qayda olaraq üz tutduqları məkanlardan biri qocaman çayçı İdris Həsənovun çayxanasıdır. Sputnik əməkdaşı da çayçılıq sənəti haqqında öyrənmək üçün İdris ustanın Lənkəran Sahil Parkındakı çayxanasına yollanıb.
İdris Həsənov Lerik rayonu Biləvər kəndində anadan olub.Əsgərlikdən gələndən sonra, 1972-ci ildə isə SUM-32-də olan fəhlə yeməkxanasında çayçı işləməyə başlayıb. Bir çox yerlərdə işləməli olub, nəhayət 2010-cu ildən burada — Sahil Parkında işləyir.
"Mən müştərilərimə ancaq yerli çay, yəni Lənkəran çayı verirəm və ancaq yerli limonlar verirəm. Başqa çayxanalarda da müştərilərə limon verirlər, amma mən limonu soyub üzərinə şəkər tozu səpib müştəriyə verirəm", — İdris dayı danışır.
Məlumat üçün bildirək ki, Lənkərana çay bitkisi ilk dəfə 1912-ci ildə gətirilib. Lənkəranda ilk çay fabriki isə 1937-ci ildə qurulub.