CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şərəfini qoruduğu ölkənin bayrağını tanımır - Azərbaycan reallığı

Abunə olmaq
Xaricdən dəvət edilmiş legionerlər beynəlxalq yarışlarda ölkəmizi təmsil etsələr də, dövlət atributlarımızdan xəbərsizdirlər. Bayrağımıza və himnimizə qarşı göstərilən bu laqeydlik cəmiyyətdə narazılıq yaradır.

BAKI, 25 may — Sputnik. İdmanda tək mübarizə və qələbə gözəl hisslər yaşatmır. Ölkənin bayrağının uca kürsülərdə dalğalanmasını görmək, himnin səslənməsi duymaq heç bir sözlə izah edilmir.

Azərbaycanın müxtəlif idman növlərində yerli idmançılarla yanaşı, xaricdən dəvət edilmiş legionerlər də var. Onların qazandığı uğurlar ölkəmizin adına yazılsa da, bir problem vətənsevərləri daim narahat edir.

© Photo : G.Abdullayevin şəxsi arxiviGündüz Abdullayev, taekvondo məşqçisi
Gündüz Abdullayev, taekvondo məşqçisi - Sputnik Azərbaycan
Gündüz Abdullayev, taekvondo məşqçisi

Belə ki, bəzi legionerlərin beynəlxalq yarışlarda ölkəmiz adına uğur qazanmasına baxmayaraq, bayrağımıza və himnimizə qarşı laqeydlik nümayiş etdirirlər. Hətta, təmsil etdiyi dövlətin atributlarını belə, tanımırlar.

Bəs, bu problemin günahkarı kimdir? Sputnik əməkdaşı bu suala cavab tapmaq, məsələnin detallarına işq tutmaq üçün bəzi tanınmış simalara müraciət edib.

Taekvando üzrə məşqçi Gündüz Abdullayevi problemin səbəbkarından çox, həllinin qeyri-mümkünsüzlüyü narahat edir: "Bu, problem deyil, reallıqdır. Bunu düzəltmək üçün enerji sərf etməyə dəyməz. Çünki fərd olaraq biri ilə, ikisi ilə söhbət edib düzəltmək olar. Amma problemin kökündə milli dəyər və mənsubiyyət durur! Məcbur et, öyrət, psixoloji söhbət apar. Faydası olarmı, olmazmı, bilmirəm".

© Photo : TRENDFəzail Ağamalı, millət vəkili
Fəzail Ağamalı, millət vəkili  - Sputnik Azərbaycan
Fəzail Ağamalı, millət vəkili

"Məncə yalnız Vətən oğlu, vətən qızı o hisləri təbii yaşaya bilər. Qalanları yalnız imitasiya edə bilər. Bəlkə də qəlbən sevən də tapılar. Bilmirəm…", — məşqçi deyib.

Millət vəkili Fəzail Ağamalı isə hesab edir ki, bu məsələdə məşqçilərin və federasiyaların əməkdaşlarının üzərinə böyük vəzifə düşür: "Legionerlər azərbaycanlı deyillər, ona görə belə münasibət göstərmələri normal haldır. Sadəcə onları, üzərinə öhdəlik düşən insanlar maarifləndirməlidir. Bir çarə var ki, legionerlər klub və komandalara qəbul olunarkən və müqavilə bağlanarkən, onların qarşısına Azərbaycanın milli atributlarının — bayrağının, himninin öyrənilməsi şərti qoyulsun və buna ciddi nəzarət edilsin".

© Photo : Q.Ağsəsin şəxsi arxiviQulu Ağsəs, şair
Qulu Ağsəs, şair - Sputnik Azərbaycan
Qulu Ağsəs, şair

Şair Qulu Ağsəs də problemin həllini, legionerlə müqavilə bağlanan zaman, onların qarşısına müəyyən şərtlərin qoyulmasında görür: "Legioner qıraqdan özləri gəlmir, gətirilir. Onları biz alırıq. Şərtlərin içərisində dövlət rəmzlərinə hörmət də olmalıdır — rəsmi və yaxud qeyri-rəsmi".

"Himnimiz oxunanda, heç olmaza legionerin yalandan da olsa, dodağı tərpənməlidir. Bayrağımız dalğalananda siması işıqlanmalıdır. Dilimizdə az da olsa, danışmağı bacarmalıdır. Bura onun ikinci vətəni olmalıdı", — şair bildirib.

© Photo : E.Babanlının şəxsi arxiviElmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi - Sputnik Azərbaycan
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Cüdo Federasiyasının baş katibi, beynəlxalq dərəcəli hakim Elmar Babanlı da legionerlərlə bağlı yaşanan sözügedən problemin həllinin federasiyalardan asılı olduğunu hesab edir: "Məncə səbəb legionerlərlə bu mövzuda təbliğat-təşviqat işlərinin, maarifləndirici söhbətlərin aparılmamasıdır. Bu işi müvafiq federasiyaların məsul şəxsləri görməlidir".

İdman jurnalisti Kənan Məstəliyev problemin məsuliyyətinin federasiyaların üzərinə düşdüyünü düşünür:

© Photo : Facebook / Mehman SuleymanovКянан Масталиев, спортивный журналист
Кянан Масталиев, спортивный журналист  - Sputnik Azərbaycan
Кянан Масталиев, спортивный журналист

"Həlli çox sadədir: müvafiq qurumlar təbliğat işi aparmalıdır. Legioner məsələn, uşu-sanda üzrə millimizdədirsə, uşu-sanda federasiyası, o idmançı gəldiyi ilk gündən ona məlumatlar verməli, himni öyrətməli, bayraq və digər atributlarımız haqqında danışmalıdılar. Torpaqlarımızın işğal günləri, faciələrin ildönümündə 10 dəqiqə sərf edib məlumat versələr, bu iş həll olunar".

Jurnalist öz iş təcrübəsindən də misal gətirib: ""Zirvə" klubunun 11 ölkədə kiçik də olsa, filialı var. İldə iki dəfə yarışlara yığışırıq. Hər görüşdə, az qala hər idmançı-məşqçiyə 2-3 cümlə də olsa, məlumat verirəm. Üst-üstə heç bir saatım getmir buna. Cəmi 1 saat. Əvəzində hamısının az-çox durumdan xəbəri olur".

Xəbər lenti
0