CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Ramazan təqvimi açıqlandı

© qafqazislam.comHacı Allahşükür Paşazadə
Hacı Allahşükür Paşazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib

BAKI, 26 may — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, fətvada deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 07 iyun 2016-cı ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaq".

"Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin", — deyə QMİ vurğulayır.

Bildirilir ki, Ramazan bayramı Şəvval ayının 1-nə, iyul ayının 06-na təsadüf edəcək: "Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən həmişə minnətdarlıqla qarşılanır".

İdarə onu da qeyd edir ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür: "Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür".

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır: "Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin. Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-taaladan xeyir-dualar diləyirik".

"Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn Ramazan iftarlarımızı doğma Qarabağın ürəyi olan Şuşada açmağı nəsib etsin, inşallah! Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!", — QMi sonda vurğulayır.

Xəbər lenti
0