BAKI, 25 may — Sputnik. Bu gün Nəsimi Rayon Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin İctimai Televiziyanın (İTV) əməkdaşı Rauf Rəcəbova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib.
"Report"un məlumatına görə, prosesə sədrlik edən hakim Elman İsayev şikayəti icraata götürməyib.
O, iddianı əsassız sayıb.
Qeyd edək ki, Q.Məhərrəmli R.Rəcəbovu məhkəməyə verib. O, İTV-nin əməkdaşına qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli R.Rəcəbovun mətbuatda onun barəsində yazdığı məqaləyə görə Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib. Məhkəmənin qərarına əsasən, iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra A.Alışanov Q.Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Hazırda Nəsimi Rayon Məhkəməsində iş üzrə icraat dayandırılıb. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. Hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.