BAKI, 25 may — Sputnik. Gələn ildən Azərbaycanda sığorta təbabətinin tətbiqinə başlanılacaq. Sığorta təbabəti tətbiq olunandan sonra qarşıda duran əsas məsələlərdən biri reseptlərin elektron qaydada yazılmasıdır.
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, tibb müəssisələrinin kompyuterlərlə, informasiya texnologiyaları avadanlıqları ilə tam təchizatı istənilən səviyyədə deyil.
Nazir müavini deyib ki, 2007-ci ildən tətbiq edilən vətəndaşların elektron sağlamlıq kartı sistemindən bu gün 600-dən artıq tibb müəssisəsi istifadə edir. Bu da 2 milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bunun da 1 milyonu uşaq əhalisidir. Bu illər ərzində yeni doğulan uşaqların hamısı elektron sağlamlıq kartı ilə təmin olunur. Onların xəstəlikləri, müalicəsi ilə əlaqədar bütün məlumatlar sağlamlıq kartında öz əksini tapır. Digər tərəfdən stasionar şəraitdə müalicə alan bütün xəstələrin xəstəlik vərəqələrində olan bütün məlumatlar elektron bazaya yönəldilir.
E. Ağayev qeyd edib ki, doğumla, sürücülük vəsiqəsi ilə bağlı arayışlar və şəhadətnamələr onlayn qaydada aidiyyəti qurumlara göndərilir.
Məsələ ilə əlaqədar tibb elmləri doktoru, həkim Adil Qeybulla Sputnik-ə açıqlamasında bildirib ki, sığorta təbabətində sığorta paketi var və o paketə aid olan bütün dərman maddələri, tibbi vəsaitlər nəzarət üçün qeydiyyatdan keçməlidir. Ona görə də elektron resept sistemi sığorta təbabətinin mühüm elementi kimi vacibdir: “Çünki, istifadə olunan dərmanların hamısı mərkəzi şəkildə qeydiyyatdan keçir və sonra onlar hesablanır. Yəni, sığorta paketinin müəyyən bir həddi var. Sığorta paketi ilk növbədə doğuş və təxirəsalınmaz yardımı əhatə edəcək. Ola bilər ki, əlavələr də daxil edilsin. Hesab edirəm ki, bu işə nəzarət üçün elektron reseptlər mütləq olmalıdır”.
Ekspert deyib ki, yazılan bütün dərmanlar hamısı mərkəzi qeydiyyata düşür: “Sığorta vəsiqəsi olanlar üçün sığorta paketi ayrılır. Sığorta paketinin maliyyə mənbələri müxtəlifdir. Maaşlardan, dövlət vəsaitindən, digər mənbələrdən bütün bu, maliyyə vəsaitinin üzərində nəzarət üçün həmin o istifadə olunan dərmanlar da qeydiyyatdan keçməlidir. Bilinməlidir ki, nə sərf olundu nə getdi. Nəinki dərmanlar, elə tibbi avadanlıqların hamısı”.
Adil Qeybulla qeyd edib ki, sığorta təbabəti tibbi xidmətin növlərindən biridir: “Müasir səhiyyəni onsuz təsəvvür etmək mümkün deyil. Bu, həm də vətəndaşların sosial müdafiəsinin mühüm bir elementi sayıla bilər. Hesab edirəm ki, sığorta təbabəti səhiyyədə vacib bir atributdur. Bu, ən azı doğuş, təxirəsalınmaz yardım, bir sıra çek-up müayinələrini əhatə edir. Son nəticədə bunlar xəstələnmə və ölüm hallarının qarşısının vaxtında alınması, bəzi xəstəliklərin diaqnostikası, və ümumiyyətlə, vətəndaşların sosial müdafiəsi kimi rol oynayır”.
“Bu gün səhiyyə müəssisələrində bununla bağlı xeyli problemlər var. Yəni, maddi məsələlər, tibbi xərclər və s. Sığorta təbabəti ilə bütün bunlar dünyadakı qaydada, sivil şəkildə həll olur” — deyə o əlavə edib.
Həkim, tibbi ekspert Rasif Bağırov Sputnik-ə açıqlamasında deyib ki, hazırda bəzi yerlərdə şirkətlər sığorta tətbiq edirlər. O sığorta ilə işləyəndə əziyyət çəkilir: “Bir də görürsən ki, xəstədə müəyyən müayinələr aparmaq istəyirsən. Sığorta deyir ki, onu yazma, bunu etmə, o olmaz, bu olmaz. O qədər qadağalar qoyurlar ki, heç xəstəni müayinə etməyə imkan olmur. Bu sahədə problemlər var”.
“Sığorta təbabəti tətbiq edilirsə, onun proqramı hazırlanmalıdır ki, bu, hansı formada işləyəcək” — deyə ekspert qeyd edib.