BAKI, 25 may — Sputnik. "Təəssüf ki, viza məsələsində Türkiyə bir neçə dəfə aldadılıb. Qaçqınlar ilə bağlı Türkiyənin hər cür addım atmasını istəyib və buna müqabil olaraq maddi dəstək və viza ləğvi təşəbbüsünü irəli sürən Avropa İttifaqı nədənsə sözünü tutmur və bu məsələni uzadır".
Bunu Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib. O, bildirib ki, hazırda Avropada Ərdoğanın viza ilə bağlı dediyi sözlər təhdid olaraq qəbul edilir.
"Əvvəla 3 milyona yaxın qaçqını qorumaq kimi yaxşı niyyət göstərən Türkiyənin gözləntilərinə qovuşmaması qəbuledilməzdir. İkincisi, Avropa indiyədək yalnız müxtəlif peşə sahiblərinin gücündən istifadə etmək üçün suriyalılara qapılarını açdı. Lakin, Türkiyənin göstərdiyi fədakarlıqlar nədənsə heç bir şəkildə təqdir edilmədi", — Öztarsu deyib.
Ekspert bildirib ki, Türkiyənin istəkləri qarşılanmalıdır: "Digər tərəfdən, dünyaya insan haqları və demokratiya dərsi verməyə çalışan Avropanın milyonlarla miqrantı qarşılamağa hazır olması lazımdır".
O, qeyd edib ki, viza rejimi ləğv edilincə, 80 milyon Türkiyə vətəndaşının Avropaya axın edəcəyi narahatlığı var: "Yaxın zamanda İngiltərənin baş naziri Devid Kameron Türkiyənin ancaq 3000-ci ildə Avropa İttifaqına üzv ola biləcəyini və üzvlükdən yararlana biləcəyini söyləyərkən müxtəlif qruplar Türkiyə nifrəti üzərindən təbliğat fəaliyyətlərinə başladılar. Onlara görə, Türkiyənin Avropaya alınması bir fəlakətlə nəticələnəcək".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın, Avropa İttifaqı ilə aparılan viza danışıqları ilə bağlı verdiyi açıqlama Avropada böyük əks-səda doğurub. "Avropa İttifaqı üzrə nazirlərimiz görüşəcəklər. Bu danışıqlarda nəticə alındı, alındı. Alınmadığı təqdirdə qüsura baxmasınlar. Türkiyə Respublikasının parlamentindən miqrasiya sazişinin tətbiqi ilə bağlı qərar, qanun çıxmaz", —deyə Ərdoğan bildirib.