BAKI, 25 may — Sputnik. Bu gün Azərbaycan informasiya məkanında baş verən əlamətdar bir hadisənin ildönümüdür — 25 may 2015-ci ildə yaradılan Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agetnliyinin 1 yaşı tamam olur. Bu tarixin nə dərəcədə əlamətdar olmasını müəyyənləşdirmək bizim deyil, oxucuların işidir. Yaxud ötən 1 ildə Sputnik-çilərin başqalarının demədiyi nələri demələri haqda da özümüz danışmayacağıq. Sizləri dinləyəcəyik, əziz oxucular. Və beləliklə…
Zahid Oruc — millət vəkili: "Etiraf edək ki, Sputnik informasiya agentliyi Azərbaycanda yayımlanmağa başlayanda, daxili media orqanlarının çoxunda fərqli fikirlər mövcud idi. Bir çoxları hesab edirdilər ki, bu layihənin məqsədi — Rusiyanın daha geniş məkanda öz informasiya dominantlığını təmin etmək və bu kimi başqa strateji maraqlar güdmək idi. Bu səbəbdən Sputnik-ə tərəddüdlü münasibət var idi. Lakin, elə ilk gündən Sputnik Azərbaycan agentliyinin tərkibində yer alan jurnalistlər, bu dövr ərzində sübut elədilər ki, onlar üçün önəmli olan birinci növbədə qərəzsiz xəbərlərin yayımlanmasıdır. Ən başlıca məsələ xəbər məkanında öncüllüyü qazanmaq və bunu bütün hallarda etibarlı mənbələrə əsaslanaraq təqdim etməkdir. Bu gün Sputnik təkcə Azərbaycanda deyil, bir neçə ölkədə yayımlanan mühüm informasiya müstəvisidir. Və siz sübut etdiniz ki, istənilən media qrupunda fəaliyyət göstərərək Azərbaycanın gerçək maraqlarını qoruyub saxlamaq mümkündür. Sizi fərqləndirən birinci keyfiyyət budur. İkinci fərqiniz operativliyinizdir. Üçüncü özəlliyiniz isə odur ki, öz niyyətinizi güdərək birtərəfli xəbər paylaşmırsınız. Bunlar da sizi fərqləndirir. Bir daha təbrik edirəm. 1 yaşınız uğurlu olsun. Hər zaman məkanda uğurlu mövqenizi qoruyub saxlayın. Hər kəs məlumat aclığını sizin vasitənizlə ödəsin".
Qulu Məhərrəmli — "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, professor, media eksperti: "Bu gün internetin verdiyi imkanlar sayəsində biz informasiya bolluğu şəraitində yaşayırıq. Xəbər mənzərəsi sürətlə dəyişir, saytlardakı məlumatlar az qala hər dəqiqə yenilənir. Amma bu şəraitdə, nə qədər paradoksal görünsə də, cəmiyyətin intellektual təbəqəsi həm də keyfiyyətli xəbər qıtlığı yaşayır. Yəni məlumat bolluğu hələ auditoriyanın ciddi və dürüst informasiyaya olan ehtiyacının ödənilməsi demək deyildir. Bunun üçün auditoriyanı keyfiyyətli informasiya ilə təmin edən ciddi media qurumlarının olması çox vacibdir. Bu baxımdan hazırda ölkə əhalisinə doğru, dürüst və qərəzsiz məlumatlar çatdıran yüksək, peşəkar informasiya agentliyi kimi Sputnik Azərbaycan-ın fəaliyyəti təqdirəlayiqdir. Mən gün ərzində məlumatları, sayı çox az olan, amma inandığım bir neçə mənbədən alıram. Bəzən ziddiyyətli məqam yarananda həmin məlumatı Sputnik Azərbaycan-ın necə təqdim etdiyinə baxıram. Bu agentlik xəbər dəyərlərinə sadiqdir, bütün hallarda dəqiqlik, qərəzsizlik və balans kimi prinsipləri qoruyur. Hansı xəbəri seçmək, mənbə və istinad kimi məsələlərə də həssaslıqla yanaşır. Təbii ki, belə olduqda oxucu agentliyə, onun məlumatlarının ciddiliyinə inanır. Ölkənin nizamsız xəbər məkanında mötəbərliyin tədricən itməsi fonunda Sputnik Azərbaycan-ın qısa müddətdə auditoriyanın etimadını qazanmasını, ciddi imic yarada bilməsini onun böyük uğuru hesab edirəm. Agentliyin təkcə gündəlik xəbərlərində deyil, analitik materiallarında da bəlli intellektual səviyyə, fərqli miqyas, maraqlı düşüncə tərzi, hadisələrə fərqli yanaşma üsulu görünür.
Təbii ki, bunlar diqqətli oxucunun diqqətini dərhal cəlb edir. Bundan başqa Azərbaycan cəmiyyəti üçün aktual olan bir çox problemlərə toxunmasını, diqqətdən kənarda qalan mövzuları peşəkar səviyyədə işıqlandırmasını da mən agentliyin uğuru kimi qiymətləndirirəm. Mən agentliyin peşəkar kollektivini yubileyi münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq uğurları və qazandığı etimadı daim möhkəmləndirməyi arzu edirəm".
Qabil Hüseynli — politoloq: "Sputnik-in Bakı bürosunun fəaliyyətini olduqca yüksək qiymətləndirirəm. Baxmayaraq ki, bu agentlik cəmi 1 ildir yaranıb. Ancaq kifayət qədər peşəkar iş aparır. Jurnalistlər obyektivliyi qoruyur və tərəflərin qarşılıqlı açıqlamalarına yer verir. Bu peşədə obyektivlik çox əhəmiyyətlidir. Ona görə də mən Sputnik-i və onun kollektivini təbrik edir və uğurlar arzu edirəm. Gələcək illərdə də bu mövqeyinizi qorumağınızı arzu edirəm".
Samir Əliyev — iqtisadçı ekspert: "Son 1 il Azərbaycan iqtisadiyyatı üçün ağır il oldu. Bu dövrdə əhalinin əsas diqqəti iqtisadi sahədə baş verən proseslərə yönəldi. İnsanları daha çox 2 məsələ maraqlandırırdı: manatın və bankların taleyi. Problemli məsələdə müstəqil ekspertlər baş verənləri əhaliyə çatdırmağa səy göstərdilər. Bu işdə mətbuat orqanları əvəzsiz rol oynadı. Müvafiq dövlət orqanlarının susqunluq nümayiş etdirməsi fonunda mətbuat bu məsələdə ekspertlərin mövqeyini cəmiyyətə çatdırdı. Sputnik Azərbaycan agentliyi də onlardan biridir. Bu xəbər saytı gənc olsa da, ilk gündən ekspert qismində mənimlə əməkdaşlıq etdi, iqtisadi fikirlərimin həm Azərbaycan, həm də rus dilində, daxili və xarici auditoriyalara çatdırılmasında əvəzsiz rol oynadı.
Bir il ərzində iqtisadçı ekspert olaraq bir neçə dəfə portalın təşkil etdiyi debatlarda iştirak etmişəm və bundan sonra da əməkdaşlığı davam etdirəcəyimizə inanıram. Portalın kollektivinə işlərində uğurlar arzulayıram və inanıram ki, peşəkar mətbu orqanı olaraq üzərlərinə düşən missiyanı uğurla yerinə yetirəcəklər".
İlham Namiq Kamal — Azərbaycanın xalq artisti, tanınmış aktyor, professor: "Azərbaycanda istənilən informasiya orqanının Azərbaycan haqqında doğru xəbərləri verməsi hər bir azərbaycanlının fərəh hissidir. Bir il əvvəl yaranmasına baxmayaraq, Sputnik Azərbaycan agentliyi də bu çalarları özündə əks etdirir. Hadisələri tez bir zamanda cəmiyyətə çatdırmaqda, dəqiq məlumatlar alaraq onları işıqlandırmaqda böyük əməyiniz var. Qərəzsiz informasiyaları bizlərə çatdırdığınız üçün sizə təşəkkür edirəm. Oxucularınız həmişə belə bol olsun. Bir daha təbrik edirəm".
Taleh Orucov — Ümumdünya Kapoeyra Federasiyasının vitse-prezidenti, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, peşəkar idmançı: "Cəmi 1 yaşınız olmasına baxmayaraq, bu müddət ərzində həm idman, həm də digər sahələrdə olan yenilikləri doğru, dəqiq, operativ və qərəzsiz şəkildə ictimaiyyətə çatdırmağı bacarmısınız və bununla da oxucunun etibar və məhəbbətini qazana bilmisiniz. Sputnik Azərbaycanımızın xoş xəbərlərini tək Azərbaycana yox, həm də dünyaya yayımlayır. Arzu edirəm ki, tezliklə Qarabağımız azad olsun və bu gözəl xəbəri ilk olaraq məhz siz dünyaya çatdırasınız! Bir daha idman ictimaiyyəti adından Sputnik-i təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirəm! 1 yaşınız mübarək!".