İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. Ötən gün axşam saatlarında Daşkəsən rayonu ərazisində təbii fəlakət baş verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, yağış və dolu ilə müşayət olunan güclü külək və qasırğa rayonda ciddi fəsadlar törədib.
Daşkəsən şəhərinin 10-dan artıq yaşayış və inzibati binasının dam örtükləri uçub. Həmçinin, rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə də ziyan dəyib. Qasırğa zamanı aşan ağaclardan biri şəhər sakini Cabbarov Rövşən Fizuli oğluna məxsus "Mercedes" markalı avtomobilin üzərinə düşərək, maşını istifadəyə yararsız hala salıb.
Rayon icra hakimiyyətindən Sputnik-ə bildirilib ki, baş vermiş təbii fəlakətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.