BAKI, 23 may — Sputnik. Şəmkirdə güclü qasırğa bir sıra fəsadlar törədib.
APA-nın verdiyi məlumata görə, rayon ərazisində bir sıra tikililərin dam örtüyünü dağıdan külək Bakı-Qazax magistral yolunda iri gövdəli ağacları yolun hərəkət hissəsinə aşırıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.
Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür.
Daşkəsəndə də güclü qasırğa olub.
Təxminən saat 18.00 radələrindən etibarən Daşkəsən rayonunun mərkəzində güclü külək və yağışla müşahidə olunan qasırğa başlayıb. Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektirk naqillərini qırıb. Həmçinin ağac bir avtomobilin üzərinə düşərək maşını yararsız hala salıb. Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb.
Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bəzi yaşayış binalarının dam örtüyünü sıradan çıxarıb.
Rayon İcra Hakimiyyəti aparatından bildirilib ki, təbii fəlakətin vurduğu ziyan hələlik rayon mərkəzində müəyyən olunub. Qasırğanın ətraf kəndlərdə təsərrüfatlara ziyan vurduğu da istisna edilmir.