BAKI, 23 may — Sputnik. "Avropa Birliyinin ikili standartına görə Türkiyə qurumla razılaşmanın icrasını dayandıra bilər". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Yiğit Bulut özəl telekanala açıqlamasında deyib.
"Biz AB-dən heç nə gözləmirik. Qoy, onlar ikili standartlar tətbiq etməkdə, Türkiyə vətəndaşlarına verdikləri sözə əməl etməməkdə davam etsinlər. Onlar bunu da bilməlidirlər ki, belə davranışı davam etdirsələr, onda Türkiyə tezliklə radikal qərar qəbul edəcək. Türkiyə Avropa İttifaqı ilə razılaşmanı dondura bilər", — deyə müşavir vurğulayıb.
Onun sözlərinə görə, qurumla ölkəsi arasında mövcud olan istənilən razılaşma, o cümlədən Gömrük İttifaqı dayandırıla bilər: "Avropa İttifaqı sözünə əməl etməlidir".
Qeyd edək ki, Avropa İttifaqı viza rejiminin ləğvi qarşılığında Türkiyədən terrora qarşı mübarizə qanununda dəyişikliyi tələb edir. Rəsmi Ankara isə bu şərtin qəbul edilməsinin mümkünsüz olduğunu bildirir.