BAKI, 23 may — Sputnik. Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sputnik-ə verilən məlumata görə, hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Yanğının elektrik sistemində qısa qapanma zamanı yaranmış partlayış nəticəsində baş verdiyi güman edilir.
Hadisə yerinə baş çəkən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yanğının səbəblərinin hələ bəlli olmadığını, araşdırma aparıldığını deyib. O bildirib ki, məktəbə dəyən ziyan dəqiqləşdirilir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin jurnalistlərə verdiyi məlumata görə, sevindirici hal odur ki, hadisə zamanı şagirdlər arasında xəsarət alan yoxdur.
Qeyd edək ki, bu gün səhər saatlarında dərsin gedişi zamanı 95 saylı məktəbdə yanğın baş verib. Şagirdlər dərhal təxliyə edilib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib.