BAKI, 21 may — Sputnik. ABŞ prezidenti Barak Obama və ailəsinin qaldığı Ağ Evin təhlükəsizlik nöqtəsinə silahla gələn bir adamın gizli xidmət tərəfindən vurularaq təsirsiz hala gətirildiyi bildirilib.
Sputnik Anadolu agentliyinə istinadla xəbər verir ki, silah səslərindən sonra həyəcan siqnalı verən təhlükəsizlik gücləri Ağ Evə bütün giriş və çıxışları bağlayıb, Obamanın hadisə zamanı iqamətgahında olmadığı deyilib.
Əlindəki silahı yerə qoymaq istəməyən adam gizli xidmət tərəfindən vurulduqdan sonra xəstəxanaya aparılıb, adı açıqlanmayan şəxsin vəziyyətinin ağır olduğu qeyd edilib.
Hadisə zamanı Obamanın isə “Andrew Air Force” hərbi bazasında qolf oynadığı bildirilib.
Hadisədən sonra bir səlahiyyətli Ağ Evdə heç kimin yaralanmadığını, hər kəsin etibarlı yerdə olduğunu və prezidentin vəziyyətdən xəbərdar olduğunu söyləyib.