BAKI, 20 may-Sputnik. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden bu gün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Sputnik president.az-a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.
Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.
Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bayden İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sarkisyanla də telefonla danışıb.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Hər iki tərəf Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin mümkünlüyünə dair həmrəy olduqlarını vurğulayıblar.
Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.