BAKI, 20 may — Sputnik. Misir Silahlı Qüvvələri "A320" sərnişin təyyarəsinin yeni qalıqlarını, həmçinin sərnişinlərin meyitlərini və şəxsi əşyalarını tapıblar.
Sputnik "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "EgyptAir" aviaşirkətinin yaydığı açıqlamada bildirilir.
"Misir Silahlı Qüvvələri və Hərbi-Dəniz Donanması təyyarənin digər hissələrini, o cümlədən sərnişinlərin meyitləri, bəzi əşyaları, baqajlarını və oturacaqları tapıblar. Axtarışlar davam edir", — deyə aviaşirkətdən qeyd olunub.
Qeyd edək ki, "EgyptAir" aviaşirkətinin MS804 reysi ilə hərəkət edən təyyarə mayın 18-də gecə saatlarında Parisdən uçub. Təyyarənin göyərtəsində 66 nəfər — 3-ü kiçik uşaq olmaqla 56 sərnişin və 10 ekipaj üzvü (üçü təhlükəsizlik xidmətinin üzvü olub — red.) olub.
Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.