BAKI, 20 may — Sputnik. Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.
C.Cavadov bildirib ki, T.Bağırov məhkəmədə iştirak etməyib: "Hüquqlarını müdafiə etdiyim şəxs Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərərək, öz istəyi ilə məhkəmədə iştirak etmək istəmədiyini bildirib".
Xatırladaq ki, ötən gün Nəsimi Rayon Məhkəməsində T.Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilməyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. T.Bağırov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
T.Bağırov Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd), 28,214.2.1-ci (terrorçuğa hazırlıq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28,214.2.3-cü (terrorçuğa hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 220.2-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
Ötən ayın 7-də Nəsimi Rayon Məhkəməsində T.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Məhkəmə qərarından narazı qalan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi T.Bağırovun apellyasiya şikayətini təmin etməyib.