BAKI, 20 may — Sputnik. "Bu, çoxşaxəli bir dastandır, bizim tariximizdir. Əminəm ki, bu muğamımızı Xan Şuşinski, Arif Babayev, Alim Qasımov və digər musiqi korifeylərimiz ifa ediblər. Nə qədər Azərbaycan xalqı var, bu muğam ifa ediləcək".
Bu gün "Arazbarı" mahnısına həsr edilmiş sənədli filmin təqdimat mərasimində, sözügedən layihənin rəhbəri, Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov belə deyib: "Yaxşı musiqinin heç bir xalqa aidiyyəti yoxdur. Nə qədər bəşəriyyət var, Azərbaycan musiqisi, muğamlarımız həmişə səslənəcək. "Arazbarı" vətən simvoludur, cənuba, şimala, bütövlükdə dünyaya səpələnmiş 50 milyonluq azərbaycanlıları birləşdirən azərbaycançılıq simvoludur. Arazbarı bizim üçün coğrafi məkandır tariximizdir. Nə qədər bəşəriyyat var, nə qədər insan var, Azərbaycan musiqisi yaşayacaq".
"Arazbarı" əsərinin bəstəkarı Tahir Əkbər bu əsərin onun yaradıcılığında bir yenilik olduğunu deyib: "Sona xanımın sözlərini oxuyanda çox həyəcan keçirdim və xahiş etdim ki, mən bu şeirə musiqi bəstələyim. Sona xanım razı olduqdan sonra mən bu şeirə mahnı bəstələdim".
T. Əkbər musiqini səsləndirən Bəyimxanım Vəliyevaya və Ehtiram Hüseynova, eyni zamanda digər zəhməti olan musiqiçilərə xüsusi təşəkkürünü bildirib: "Bu, bizim tariximizdir. Bəstəkar və şairlər gələcəyi yaxşı görürlər. Biz hiss edirik ki, hər şey nikbinliklə bitəcək və bu əsər də yaşayacaq".
Tədbirdə çıxış edən millət vəkili Xanhüseyn Kazımlı da belə gözəl layihənin ərsəyə gəlməsini yüksək qiymətləndirib və yaradıcı heyətə uğurlar arzulayıb.
Xanəndə Bəyimxanım Vəliyeva bu əsəri ifa etdiyinə görə çox sad olduğunu dilə gətirib: "Müəlliflərə təşəkkür edirəm. İnanıram ki, dinləyicilər tərəfindən seviləcək. Hər birimizin yaralı yeridir. Bu mövzuya yer ayırmaq mütləqdir".
Avrasiya Mətbuat Fondunun rəhbəri Umid Rəhimoğlu isə, uşaqlığını Araz boyunda keçirdiyindən, bu layihədən çox təsirləndiyini dilə gətirib: "Mən çox sənədli filmdə göstərilən hadisələrin canlı şahidiyəm. Son illərdə Arazla bağlı, bizim dərdimizlə bağlı ən gözəl əsərlərdəndir. Bu cür mövzulara çox müraciət olunmalıdır".
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli də çıxışı zamanı "Arazbarı"nı olduqca təsirli musiqi kompozisiyası adlandırıb: "Sona xanımın yazdığı şeirlərə bir çox musiqilər yazılıb, amma hesab edirəm ki, bu əsər daha fərqlidir və cəmiyyətdə çox gözəl qarşılanacaq. Belə yüksək səviyyəli əsərə görə bütün yaradıcı heyəti təbrik edirəm".
Sənədli filmin ssenari müəllifi olan Bəxtiyar Qaraca layihə haqqında qısa olaraq bunları deyib: "Çox mürəkkəb və məsuliyyətli bir layihə idi. Əsas odur ki, belə bir ağır əsəri ərsəyə gətirə bildik. Ümid edirik ki, bu film sonuncu olmayacaq, belə layihələrin davamı olacaq. Torpaqlarımızın qayıtması üçün bir az iş gördüksə, bu, bizim uğurumuzdur".
Qeyd edək ki, sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə, ifaçısı Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynova, qiraət İlham Əsgərova aid olan "Arazbarı" sənədli filminin çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib. Filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyevadır. Layihənin rəhbəri Əflatun Amaşovdur.