Azərbaycanın böyük dostu İsrailin müdafiə naziri postunun bir addımlığındadır

© Sputnik / Maksim Blinov / Mediabanka keçidAviqdor Liberman
Aviqdor Liberman - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün İsrailin müdafiə naziri Moşe Yaalon istefa verib və İsrail siyasətinin üzünü Bakıya çevirən adam - Aviqdor Libermanın bu posta yolunu açıb.

BAKI, 20 may — Sputnik. İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdiyini və siyasətdən getdiyini elan edib. Bu barədə Yaalon özünün FacebookTwitter səhifələrində məlumat verib.
O bildirib ki, bu səhər baş nazir Benjamin Netanyahu ilə görüşüb və onu bu barədə məlumatlandırıb.

"Bu gün baş nazirlə görüşümdə bildirdim ki, ona göstərilən etimadsızlığa görə hökumətdən və parlamentdən gedirəm. Bununla da siyasi fəaliyyətimə fasilə verirəm"-deyə Yaalon bildirib.

Son günlər Netanyahunun müdafiə naziri postunu "Bizim evimiz-İsrail" partiyasının rusdilli rəhbəri Aviqdor Libermana təklif etdiyi bildirilib.

Dünən Liberman demişdi ki, təmsil etdiyi partiya ilə hakim "Likud" partiyası arasında koalisiya danışıqları gedir. İki gündən sonra yeni koalisiya razılaşması imzalanacaq və birinci gün parlamentin plenar iclasında təsdiqlənəcək. Bundan sonra müdafiə naziri postunu kimin tutacağı bəlli olacaq.

Qeyd edək ki, bu, Azərbaycan üçün kifayət qədər sevindirici xəbərdir. Çünki cənab Liberman Azərbaycanın yaxın dostudur.

Sputnik-ə bu barədə açıqlama verən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak deyib ki, Libermanla bağlı qərar vaxtında verilmiş çox doğru qərardır. Onun fikrincə, Liberman yeganə İsrail siyasətçisidir ki, hərbi əməliyyatların keçirilməsi və terrorizmə qarşı fəaliyyətlərlə bağlı dəqiq mövqeyi var.

"Ən əsası, mən əminəm ki, Libermanın cəsarəti, iradəsi və idarəetmə bacarığı bütün bunları həyata keçirməyə imkan verəcək." — deyə Spivak bildirib.

Spivak deyib ki, Libermanın müdafiə naziri olması Azərbaycan-İsrail əlaqələrini yaxşılığa doğru daha da genişləndirəcək:

"Liberman lap əvvəldən İsrail-Azərbaycan əlaqələrinin inkişafına təkan verənlərdən olub. Məhz onun sayəsində İsrail siyasətinin üzünü Bakıya tərəf çevirmək mümkün olub."

Azİz-in baş direktoru qeyd edib ki, bizim ölkələrimiz arasında hərbi və kəşfiyyat sahəsində çox yaxın əməkdaşlıq var.

Bununla yanaşı, Spivak əmindir ki, Libermanın müdafiə naziri postunda olduğu müddətdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək.

Xəbər lenti
0