BAKI, 19 may — Sputnik. Tərtərin Əskipara və Cəmilli kəndlərində partlamamış top mərmiləri aşkar edilib.
Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mayın 19-da Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.
Məlumata əsasən, 19 may tarixində 4 ev və həyətyanı sahədə, 6 əkin sahəsi, 25 partlayış yerinə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik partlamamış top mərmisi, 2 ədəd 152 mm-lik partlamamış top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 1 ədəd Qrad raketinin mühərrik hissəsi) aşkarlanıb, gün ərzində 36 025 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel — 19 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 500 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 428 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.