ELM

Azərbaycan elmi can üstündə: onu həyata necə qaytarmalı?

© Photo : www.globalmeatnews.comAlim. Arxiv şəkli
Alim. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentdə qaldırılan məsələ mütəxəssislərin də "yaralı yeri"dir. Hazırki acınacaqlı vəziyyətdən çıxmaq üçün müxtəlif təkliflər səsləndirilir.

BAKI, 19 may — Sputnik. Magistraturadan elmə gələn gənclərin sayının azalması ciddi problemdir. Bunu Milli Məclisin son plenar iclasında, "Elm haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib.

Kitab oxuyan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Bu xəbər alim olmaq istəyənləri məyus edəcək

Q. Paşayeva bunun səbəblərindən birinin təhsil krediti ilə bağlı olduğunu söyləyib: "Ali təhsil pilləsində hər 3 gəncdən 2-si ödənişli təhsil alır. Ona görə də yoxsul, kəndlərdən, rayonlardan gələn istedadlı gənclərin təhsillərini davam etməsi üçün təhsil kreditlərinin verilməsi qanunvericilikdə əksini tapmalıdır".

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva da təhsilini yarımçıq qoyan gənclərin sayının artdığını qeyd edib: "Heç olmasa, əlavələrin həcmini artırmasaq, gəncləri elmə cəlb etmək çətin olacaq".

Millət vəkili Siyavuş Novruzov isə, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının kənardan hansı həcmdə vəsait cəlb etməsinin də diqqət mərkəzində olduğunu söyləyib. Müzakirəyə qoşulan deputat Eldar İbrahimov qeyd edib ki, hazırda elmi işçilərin maddi və sosial durumu onların məhsuldar işləməsinə imkan vermir: "Ona görə də gənc elmi işçilər başqa ölkələrə üz tutur, elmi işçilərin qocalması müşahidə edilir".

© Photo : YoutubeƏhməd Qəşəmoğlu, sosioloq, professor
Əhməd Qəşəmoğlu, sosioloq, professor  - Sputnik Azərbaycan
Əhməd Qəşəmoğlu, sosioloq, professor

Bu gənc 200 manat maaşla elm dalınca niyə getsin?

Məsələni Sputnik-ə şərh edən, sosioloq, professor Əhməd Qəşəmoğlu indiki dövrü elmi idarəetmə dövrü kimi dəyərləndirərək deyib ki, qloballaşma prosesinin sürətlə getdiyi bir vaxtda hər bir ölkənin ən ciddi strateji məsələlərindən biri elmi sistemin yaranmasıdır: "Azərbaycanda belə bir problemin olması, gənclərin elmə gələ bilməməsi ürəkağradıcı haldır. Gənclərimiz arasında öz taleyini elmlə bağlaya bilən adamlar çoxalmalıdır. Azərbaycanda elmi işçilərə diqqət artmalıdır. Ən əvvəl elmdə çox ciddi reformalar aparmaq lazımdır".

"Məsələn, Akademiyada 300 adam işləyir. Bu, çoxdur. Bir institutda qoy işləsin 100 nəfər, amma yüksək maaşla. Onlardan da elmi tələb etmək lazımdır. Xaricdən alimlər Azərbaycana dəvət oluna bilər. Xaricdə formalaşmış alimlərimiz var. Onlara şərait yaratmaq lazımdır ki, ölkəyə qayıtsınlar", — professor əlavə edib.

Ə. Qəşəmoğlunun sözlərinə görə, hazırda Azərbaycanda ən böyük problemlərdən biri qondarma "alimlərin" sayının çoxalmasıdır: "Bu ona dissertasiya yazdırır, o buna. Bəzilərinin öz dissertasiyasında olanlardan heç xəbəri yoxdur. Bunlar neqativ təsir göstərir. Digər tərəfdən, təsəvvür edin, gənc oğlandır, elm dalınca gedir və 200 manat maaş alır. Bu gənc ailə qurmalıdır, evi olmalıdır. Ona görə də insanlar qaçırlar ora-bura, hansısa firmada və sair çalışırlar".

Elmin deyil, alimlik dərəcəsinin ardınca getmək

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da elmin inkişafını yaxşı maliyyələşmədə görür. Sputnik-ə danışan mütəxəssisin sözlərinə görə, maliyyələşmə müxtəlif yollarla: "Bu, kredit yolu ilə, müəyyən təşkilatların təmənnasız köməyi vasitəsilə ola bilər. Bunların hamısı elmi inkişaf etdirmək üçün vasitələrdir, amma təyinedici deyil".

© Photo : RFE/RLNabatəli Qulamoğlu, təhsil üzrə ekspert
Nabatəli Qulamoğlu, təhsil üzrə ekspert  - Sputnik Azərbaycan
Nabatəli Qulamoğlu, təhsil üzrə ekspert

"Təəssüf ki, Azərbaycanda bu gün elm deyil, alimlik dərəcəsi əldə etmək tendensiyası var. İlk növbədə saxta dissertasiyalara son qoymaq lazımdır. Əsl elm adamları meydana çıxmalıdır. Bundan sonra həmin adamların maliyyə və digər problemləri olsa, dövlət buna kömək edə bilər", — deyə o, qeyd edib.

Tanınmayan ŞKTR-dı 20 min, müstəqil Azərbaycanda 4 min əcnəbi tələbə

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri, İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri Fərid Şahbazlı da şəxsi "Facebook" səhifəsində məsələyə toxunub: "Bu gün Milli Məclisdə "Elm haqqında qanun"un növbəti müzakirəsi bir daha göstərdi ki, sanki Azərbaycanın elm və təhsil sistemində magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilib-verilməməsindən savayı heç bir başqa problem yoxdur. Gənclər olaraq millət vəkillərimizdən elm və təhsil sahəsinin inkişafı, beynəlxalq standartlar səviyyəsinə yüksəlməsi üçün daha çox innovativ təkliflərlə çıxış etmələrini xahiş edirik".

© Photo : F.Şahbazlının şəxsi arxiviFərid Şahbazlı, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri
Fərid Şahbazlı, İslahatçı Gənclər İctimai Birliyinin sədri, İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri  - Sputnik Azərbaycan
Fərid Şahbazlı, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, İstanbul Aydın Universiteti Beynəlxalq Tələbələr Birliyinin rəhbəri

"Məsələn, Azərbaycan təhsilinin beynəlmiləşdirilməsi ilə bağlı müvafiq hüquqi bazanın hazırlanması artıq bir qaçılmaz zərurət halına gəlib. Hazırda Azərbaycanda ölkəmizin potensialından qat-qat aşağı sayda xarici tələbə təhsil alır. Halbuki ölkəmizdə daha çox xarici tələbənin təhsil almasının həm iqtisadi, həm də olduqca mühüm strateji əhəmiyyəti var", — deyə F. Şahbazlı bildirir.

Daha sonra yazır: "Necə olur ki, 2015-ci ilin statistikasına görə, legitimliyi dünya ölkələri tərəfindən tanınmayan (avtomatik olaraq təhsil haqqında sənədləri — kiçik istisnalarla) Şimali Kipr Türk Respublikasında 19.631, güclü və müstəqil Azərbaycan Respublikasında isə cəmi 4 189 xarici tələbə təhsil alır. Azərbaycanda xarici tələbələrin təhsil alması üçün lazimi təhsil şəraiti yoxdur deyənlərin də arqumenti artıq keçərsiz sayıla bilər. Bunu təkzib etmək üçün kampüslü ADA, Bakı Ali Neft Məktəbi və bir sıra digər təhsil səviyyəsi beynəlxalq standartlara cavab verən ali təhsil ocaqlarını göstərmək olar. Şübhəsiz ki, bunun üçün əsas məsuliyyət və vəzifə universitetlərimizin üzərinə düşür. Demək olar ki, heç bir Azərbaycan universitetini dünyanın müxtəlif ölkələrində təşkil olunan təhsil sərgi və konfranslarında görə bilmirik".

Gənc fəal çıxış yolu kimi Türkiyə təcrübəsinə müraciət etməyi tövsiyyə edir: "Türkiyə dövləti "döviz gətiren hizmetler" (valyuta gətirən xidmətlər) adı altında vəqf və dövlət universitetlərinə böyük təşviqedici yardımlar edir. Hər bir Türkiyə universiteti bütün beynəlxalq təhsil sərgi və konfranslarına qatılarsa, orada universitetin xərclədiyi vəsaitin 70 faizini Türkiyənin İqtisadiyyat Nazirliyi qarşılayır. Çünki təcrübə göstərib ki, Türkiyə dövləti xərclədiyi bu vəsaitdən qat-qat artdığını Türkiyəyə gələn xarici tələbələrin xərcləmələrindən qazanır".

"Məncə hörmətli millət vəkillərimiz, Təhsil Nazirliyimizlə birgə əməkdaşlıq şəraitində Azərbaycanda da universitetlərin bu istiqamətdə təşviqi üçün hüquqi bir baza hazırlayıb, ölkə rəhbərliyinə təqdim etməlidirlər. Əminik ki, bu təklifdən sonra Azərbaycan gəncliyinin və təhsilinin hamisi olan dövlətimiz gərəkli zəruri addımları atacaq" — deyə Şahbazlı sonda vurğulayır.

Xəbər lenti
0