BAKI, 19 may — Sputnik. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Ermənistan və Azərbaycana internet-matç keçirməyi və iki dövlət arasında "virtual körpü tikməyi" təklif edib. O, hesab edir ki, kollektiv şahmatın köməyi ilə təkcə millətlərin IQ-sünü müəyyən etmək deyil, həmçinin "dövlətlərarası münasibətləri" tank, top və təyyarələrin iştirakı olmadan da təyin etmək mümkündür.
Bu xəbər Azərbaycanda birmənalı qarşılanmayıb. Sputnik-in əməkdaşı bu təklifə cəmiyyətin bəzi tanınmış simalarından münasibət öyrənib.
"Yalnız sülh müqaviləsindən sonra…"
Azərbaycan Şahmat Federasiyasının keçmiş prezidenti Eldar Namazov FİDE rəhbərinin təklifinin xoşməramlı olduğuna şübhə etmir: "Amma hərdən elə olur ki, bu cür təkliflər heç də yaxşı nəticələr vermir. Hazırda Azərbaycan şahmatçıları beynəlxalq yarışlarda erməni şahmatçılarla çox qarşılaşırlar. Bir müddət öncə Ermənistanının güclü idmançısı Aranyan Azərbaycanda keçirilən Şahmat turnirində iştirak edib və Bakıdakı yarışda iştirakı haqqında mətbuata münasibət də bildirib. Avropa, dünya və digər beynəlxalq yarışlarda, tək və ya komanda yarışlarında qarşılaşmaları normaldır və heç bir problem yaratmır".
"O ki qaldı Kirsan İlyumjinovun təklif etdiyi virtual şahmat oyunlarına, bu, artıq xalq diplomatiyasının elementidir. Bu layihə yalnız sülh bağlandıqdan sonra həyata keçirilə bilər. Mənə elə gəlir ki, belə turnirləri sülh münasibəti bərpa olduğu zaman qeyd etmək olar. Nə qədər ki, bu sülh müqaviləsi bağlanmayıb, biz Avropa, dünya və digər beynəlxalq yarışlarda qarşılaşmaqla kifayətlənirik. Sülh müqaviləsi olarsa, şahmatda da, digər idman növlərində də, incəsənət növlərində də bir çox layihələr həyata keçirmək olar. İndiki vəziyyətdə is mümkün deyil".
"Bu o demək deyil, biz qorxuruq…"
Tanınmış iqtisadçı, şahmat həvəskarı Oqtay Haqverdiyev də virtual şahmat turnirinin əleyhinə olduğunu söyləyib: "Bu layihə qətiyyən mümkün deyil. Bu təklifin özü təxribatdır. Yəni, "siz şahmat oynayın, Qarabağ məsələsi olduğu kimi qalsın"".
"Bu o demək deyil, biz qorxuruq. Əsla. Bizim mövqeyimiz belədir ki, normal münasibət yaratmaq istəyirsinizsə, ordunuzu çıxarın bizim torpaqlardan, bu zaman nəinki şahmatda, hətta iqtisadi cəhətdən də sizlərə kömək edək", — Haqverdiyev bildirib.
"Ondansa Sərkisyana təklif olunsun ki…"
"Fikrimcə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyi də, eyni zamanda digər beynəlxalq qurumların rəhbərliyi də bütün yaradıcı fantaziyalarını və fəlsəfi baxışlarını ona yönəltməlidirlər ki, işğal faktı aradan qalxsın. Bunun üçün Şahmat Federasiyasının prezidenti belə təklifdənsə, Ermənistan Prezidentinə öz ordusunu işğal altında olan torpaqlardan çıxarması təklifini irəli sürməlidir".
Bunu isə millət vəkili Sahib Alıyev, sözügedən təklifə münasibət bildirərkən deyib. Millət vəkili belə layihələrin Azərbaycan üçün maraqlı olmadığını dilə gətirib: "Biz hazırda ermənilərlə şahmat oyunu haqqında fikirləşmirik, torpaqlarımızın azad edilməsi haqqında düşünürük. Və bütün diqqətlər ora cəmlənir".
"Mümkün deyil"
Filoloq, Xəzər Universitetinin müəllimi Mail Yaqub da belə təşəbbüsün əleyhinədir. İdman yarışlarının dostluq rəmzi olduğunu deyən filoloq, indiki məqamda isə bunu mümkün saymır: "Azərbaycanla Ermənistan müharibə şəraitindədir. Onlar bizim torpaqlarımızı zəbt ediblər. Buna görə də bizim aramızda dostluqdan söhbət gedə bilməz və bu səbəbdən hansısa virtual yarışmanın tərəfdarı deyiləm".