BAKI, 19 may-Sputnik. Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Paris-Qahirə reysini yerinə yetirən zaman radarlardan itib.
Sputnik-in məlumatına görə, bu barədə Misirin "Youm7" xəbər portalı və "Mayadin" telekanalı Egyptair avişirkətindəki mənbəyə istinadla məlumat yayıb.
Təyyarənin göyərtəsində 58 sərnişin və 10 heyət üzvünün olduğu müəyyənləşdirilib.
"MS804" reysi üzrə uçan təyyarə mayın 18-də "Şarl-de-Qoll" hava limanından Paris vaxtı ilə 23:09-da havaya qalxıb.
Misirin "Əl-Vafd" xəbər portalı sərnişin təyyarəsinin Yunanıstanın hava məkanına daxil olduqdan 20 dəqiqə sonra radardan itdiyini xəbər verib.
Yunanıstanın aviasiya qurumları Misiri təyyarənin yoxa çıxması barədə məlumatlandırıb. Təyyarəni tapmaq cəhdləri hələ də müsbət nəticə verməyib.
"EgyptAir" aviaşirkəti xüsusi operativ qərargah yaradıb. Qərargaha itmiş təyyarə ilə bağlı vəziyyəti izləmək üçün bütün aviasiya xidmətlərinin nümayəndələri daxil edilib.
"Report" "EgyptAir" şirkətinə istinadla xəbər verib ki, Aralıq dənizi üzərində radarlardan itən təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.
Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin 1 vətəndaşı olub.