BAKI, 18 may — Sputnik. Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları ötməsi ölkəmizin 2016-cı il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər. Bunu, millət vəkili Vahid Əhmədov deyib.
O, qeyd edib ki, neftin qiyməti dövlət büdcəsində 25 dollardan götürülüb: "Hazırda isə neftin qiyməti 50 dolları keçib. Qiymətin təxminən iki dəfə artması dövlət büdcəsinə əlavə vəsaitin daxil olması ilə nəticələnəcək. Məsləhət olsa, may-iyun aylarında büdcəyə yenidən baxıla bilər. Ancaq baxılmaya da bilər, çünki əlavə vəsait ola bilsin ki, Dövlət Neft Fonduna yığılsın və oradan transfert edilsin. Büdcəyə yenidən baxılsa belə, burada qanuna zidd heç nə yoxdur".
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti artır. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar artaraq 50,73 dollar təşkil edib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev isə Sputnik-ə açıqlamasında deyib ki, dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur: "Çünki, büdcə kifayət qədər balanslaşdırılmış formada tərtib olunub və büdcə xərclərini dövlət qarşılaya bilir. Neftdən gələn əlavə gəlirləri investisiya formasında dövlət yönəldə bilər. Amma büdcəyə baxılıb-baxılmaması siyasi qərardır".
Onun fikrincə, neftin qiymətinin artması bazarda təklifin aşağı düşməsi ilə əlaqədardır: "Nigeriyada neft infrastrukturuna silahlı basqın olub və bunun nəticəsində o ölkənin neft hasilatı 600 min barel düşüb. Hələ gözlənilir ki, 400 min barel də azalacaq. Bu da günə 1 milyon barel azalma deməkdir. Bundan başqa, Kanadada yanğınlar baş verir. Ona görə o ölkənin hasilatı da aşağı düşüb. Eyni zamanda, Venesuelanın da neft hasilatı aşağı düşüb".
"Bu 3 ölkənin neft hasilatının azalması bazarda müəyyən bir balans yaradıb. Asiyada, xüsusən də Çində neftə tələb artıb. Ona görə də bazar balanslaşıb. Hesablamalara görə, müəyyən qədər bazarda defisit yaranıb, yəni tələb təklifi üstələyir. Bunların hesabına qiymətlər artıb", — ekspert vurğulayıb.
A.Rzayevin sözlərinə görə, burada vəziyyət həmin 3 ölkənin öz infrasturkturlarını nə qədər sürətlə bərpa etmələrindən asılıdır: "Texniki məsələləri də 1-2 günə həll etmək mümkün deyil. Bu da müəyyən qədər vaxt istəyir. Dünya bazarında tələbin artması və infrastrukturun sürətlə bərpa olunması arasında rəqabət var. Deyək ki, infrasturktur 3 aya bərpa olundu və bu zaman tələb də artırsa, neftin qiyməti 50 dollar və ondan daha yüksəkdə dura bilər. Burada vəziyyət iqtisadi konyuktura ilə az bağlıdır və əsas texnoloji, texniki konyukturadır. Texniki məsələlər həllini tapsa, neftin qiymətinə təzyiq başlayacaq".
"Hesablamalara görə, bu ilin 2-ci yarısında texniki problemlərin tam aradan qaldırılması çətindir. Bu o deməkdir ki, neftin qiymətini 50 dollar civarında gözləmək olar. Amma texniki problemlər həll olunmazsa, qiymət daha da arta bilər. Bu, vəziyyət bazarda bir trend yaradır. Bu trend də bir günə sına bilmir. Azərbaycan üçün kifayət qədər uyğun bazar konyukturası yaranıb", — deyə iqtisadçı qeyd edib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev isə hesab edir ki, neftin qiymətinin 50 dolları keçməsinin indiki halda nə qədər davam edəcəyini söyləmək tezdir. "Neftin qiymətinin qalxması daha çox Nigeriyada baş verən son hadisələr və bazarda müəyyən qədər neftə tələbin artması fonunda baş verən proseslərlə bağlıdır. Neft bazarı da buna sakit yanaşmayacaq. Ayrı-ayrı ölkələrdə istehsalın artması baş verə bilər. Artan tələbatı qarşılamaq üçün hasilatın artması baş verə bilər", — o, Sputnik-ə açıqlamasında bildirib.
Ekspertin qənaətinə görə, bundan sonrakı proseslər önəmli olacaq: "Neftin qiyməti qalxdıqca ən azından Amerikanın dövriyyəyə şist nefti buraxmaq imkanları genişlənir. Əlavə buruqların ortaya çıxması yaranır, əlavə bazarlara neft daxil ola bilər. Bu da neftin qiymətinin çox yüksəyə qalxmayacağını söyləməyə əsas verir".
O düşünür ki, indiki halda büdcədə hər hansı dəyişikliklərin edilməsi haqqında danışmaq vaxtından tez atılan bir addımdır: "Bütün hallarda neftin qiyməti uzun müddət 50 dollardan yuxarı olarsa, ilin son rübündə bu məsələyə baxıla bilər".