BAKI, 17 may — Sputnik. "AKP-də elə şəxsi sədr seçəcəklər ki, Prezidentin fonunda çox zəif fiqur olsun. Belə bir adamın baş nazir olma ehtimalı daha böyükdür".
Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib. Davudoğlunun istefasından sonrakı prosesləri dəyərləndirən politoloq, Türkiyənin yeni baş nazirinin bəzi özəlliklərə sahib olmalı olduğunu bildirib.
"Türkiyənin yeni baş naziri, həmçinin də Ədalət və İnkişaf Partiyasının yeni rəhbəri indi deyəcəyim özəllikləri daşımalıdır. Prezidentə tabeçilik göstərsin və prezident üsul idarəsinə keçmək üçün çox ciddi səy göstərsin. Hazırda bir neçə namizəd var, onlardan hansı bu kateqoriyaya uyursa, onu da baş nazir təyin edəcəklər", — Q. Hüseynli vurğulayıb.
Siyasi şərhçi baş nazir postuna namizədləri arasında prezident Ərdoğanın kürəkəni Berat Albayrağın da adının hallandığını, amma bunun Türkiyədə yaxşı qarşılanmadığını söyləyib: "Əgər Ərdoğanın kürəkəni Berat Albayrak ölkənin yeni baş naziri təyin edilsə, bu, qardaş ölkədə heç də xoş qarşılanmayacaq. Zənnimcə, xalq özü də buna imkan verməz. Çünki bu artıq ailə hakimiyyəti demək olacaq. Türkiyədə demokratik ənənələr çox güclüdür. Bu ssenarinin olacağını inandırıcı hesab etmirəm".
Mövzuya, akademik karyerasını Türkiyədə davam etdirən iranlı politoloq Umud Şukri də münasibət bildirib. O, böyük ehtimalla ya Binali Yıldırım, ya da Bekir Bozdağın yeni sədr və baş nazir seçiləcəyini bildirib.
"Bir neçə namizədin adı hallanır. Ancaq mən düşünürəm ki, nəqliyyat naziri Binali Yıldırım və ədliyyə naziri Bekir Bozdağ bir addım daha öndədir", — şərhçi qeyd edib.
Xatırladaq ki, mayın 22-də AKP-də yeni sədr seçmək üçün qurultay keçirəcək. Seçiləcək şəxs həm də ölkənin yeni baş naziri olacaq. Baxmayaraq ki, mövcud Türkiyə qanunvericiliyi hökumət başçısının partiya rəhbəri olmasını şərt olaraq tanımır, ancaq siyasi ekspertlər AKP-nin sədr ayrı baş nazir ayrı prinsipi ilə davranacağına ehtimal vermir.